Filippin peyvənd olunmayan əcnəbilərə martın 1-dən Sebu adasına səyahətə icazə verib

Filippin peyvənd olunmayan əcnəbilərə martın 1-dən Sebu adasına səyahətə icazə verib Filippinin Sebu əyalətinin hakimiyyət orqanları peyvənd olunmayan əcnəbilər də daxil olmaqla bütün arzu edənlərin bu adaya səyahətinə icazə verib.
Bu barədə fevralın 11-də ABC-CBN media qrupu məlumat yayıb.
Sebu əyalətinin qubernatoru Qven Qarsinin sərəncamına əsasən, peyvənd qəbul etməyən və ya qismən peyvənd olunan əcnəbi səyyahlar son 48 saatda verilmiş və PÇR testinin mənfi olduğunu təsdiq edən sənəd əsasında adaya gələ bilərlər. Bu zaman həmin şəxslər xüsusi karantin müəssisələrinə yerləşməli və beş gün ərzində növbəti testin cavabını gözləməlidirlər.
Visay adalarının peyvəndləmə mərkəzinin nümayəndəsinin bildirdiyinə görə, peyvənd olunmayanların Sebu adasına səfərinə icazə verilərkən pandemiya səbəbindən ağır vəziyyətə düşmüş turizm sənayesinin vəziyyəti əsas götürülüb.
Filippinin COVID-19-la mübarizə üzrə müəssisələrarası qrupunun təsdiq etdiyi qaydalara görə, fevralın 16-dan başlayaraq tam peyvənd olunmuş əcnəbi turistlər ölkəyə səfər edə bilərlər. Bu, Sebu əyalətinin qubernatorunun sərəncamı ilə ziddiyyət təşkil edir. Filippinin Daxili İşlər və Yerli İdarəetmə Nazirliyi qubernatorun bu sərəncamını yerli məmurlarla müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, Filippin hökuməti fevralın 1-dən tam peyvənd olunmuş əcnəbilərin karantin rejimində qalmadan ölkəyə səyahətinə icazə verib. Fevralın 10-da təqribən iki il davam edən və əcnəbilərin ölkəyə gəlişinə icazə verməyən qadağa aradan qaldırılıb. Bu qayda Filippinə gəlmək üçün vizaya ehtiyacı olmayan ölkə və ərazi vahidlərinin vətəndaşları üçün nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər