Dövlət İmtahan Mərkəzində növbəti “Açıq qapı” günü

Dövlət İmtahan Mərkəzində növbəti “Açıq qapı” günü Qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında ən yüksək nəticə göstərən 25 abituriyent martın 2-də Dövlət İmtahan Mərkəzinin (DİM) akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında təşkil edilən “Açıq qapı” gününə dəvət olunub. On abituriyent regionlarda olmasına və üzrlü səbəblərə görə görüşə onlayn qoşulub.
Tədbirdən əvvəl abituriyentlər DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barədə məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra DİM-in struktur bölmələrinin əməkdaşları mərkəzin fəaliyyət istiqamətləri, bakalavr səviyyəsinə qəbul imtahanları və ərizə qəbulu, qapalı şəraitdə imtahan materiallarının hazırlanma prinsipləri, DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar, sınaq imtahanları platforması otk.az internet saytının imkanları haqqında təqdimatlarla DİM-də görülən işlər və xidmətlərlə iştirakçıları tanış ediblər. Bununla yanaşı, DİM-in struktur bölmələrinin rəhbərləri sınaq imtahanında yüksək nəticə göstərmiş abituriyentləri təbrik edərək onlara qəbul imtahanında, eləcə də gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdakı imtahanlar, ərizə qəbulu və digər məsələlər barədə məlumat, tövsiyələr veriblər və abituriyentləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, DİM tərəfindən yüksək nəticə göstərən abituriyentlərə hədiyyə olaraq “Abituriyent” jurnalının 2022-ci il tarixli 1-ci sayı, “Abituriyent” nəşrlərinə dair broşür və otk.az internet saytında yerləşdirilmiş sınaq imtahanlarından ödənişsiz faydalanmaq üçün 20 AZN dəyərində kuponlar təqdim edilib.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınmaqla və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülməklə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər