Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarına həsr olunmuş görüş keçirilib

Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarına həsr olunmuş görüş keçirilib Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə əməkdaşlığa həsr olunmuş görüş keçirilib.
Görüşdən əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Mərkəzin binasındakı büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra DİM-də milli qiymətləndirmə üzrə tarixi əks etdirən muzeylə tanışlıq olub. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradıldığı dövrdən indiyə qədər aparılan işlərə dair məlumat verilib. Qonaqlar DİM tərəfindən hazırlanmış kitablar, dövri nəşrlər və metodiki vəsaitlərlə tanış olublar. İştirakçılar üçün DİM-də hazırlanıb quraşdırılmış və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi də nümayiş etdirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin, “Qaraheybət”də və Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda təhsildə qiymətləndirmə sahəsinin təkmilləşdirilməsi istiqamətində çoxtərəfli dialoqun böyük əhəmiyyət kəsb etdiyini və ölkəmizdə insan kapitalının formalaşmasında ali təhsil ocaqlarının rolunu qeyd edib.
“1995-ci ildən etibarən Azərbaycanda keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilir və iştirakçıların təhsil trayektoriyaları izlənilir. Hazırda DİM-də imtahan nəticələri, onların statistik təhlili ilə bağlı böyük həcmli məlumat bazası formalaşıb və ali təhsil müəssisələri öz qəbul siyasətlərini müəyyən edərkən bu məlumatlardan istifadə edə bilərlər”, - deyə M.Abbaszadə bildirib.
Tədbirdə tərəflər arasında səmərəli əməkdaşlıq perspektivləri, qiymətləndirmə və qəbul sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər də müzakirə edilib. Həmçinin DİM tərəfindən universitetlərlə birgə əməkdaşlıq sahələri üzrə hazırlanan təkliflər ali təhsil müəssisələrinin rəhbər şəxslərinə təqdim edilib.
Sonra DİM-in əməkdaşları “Ən yaxşı beynəlxalq və yerli təcrübə əsasında tədris prosesinin təşkilinə dəstək”, “Qiymətləndirmə alətlərinin hazırlanmasına dəstək”, “Ali təhsil müəssisələrində kompüter əsaslı qiymətləndirməyə keçidə dəstək”, “Elektronlaşma – rəqəmsal platformaların tətbiqi”, “Verilənlər əsasında qərarların qəbul edilməsinə dəstək”, “Tələbələrə təcrübi və psixoloji dəstək”, “DİM-in və ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri və əməkdaşlığı üzrə təbliğatın aparılması” xidmətləri barədə təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd olunub və bir sıra təkliflər səsləndirilib.
Tədbirin sonunda qonaqlar qapalı şəraitdə sual kitabçalarının çap edilməsi prosesi ilə yaxından tanış olublar.
Görüşdə DİM-in Direktorlar Şurasının sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, təhsil nazirinin müavini İdris İsayev, ADA Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Tibb Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorları və DİM-in struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, yaxın vaxtlarda digər ali təhsil müəssisələrinin rektorları ilə də görüşlər keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər