İtaliyalı alim və tədqiqatçılar Avropada ən yaxşılar sırasındadır - Dünyanın elm təcrübəsindən

İtaliyalı alim və tədqiqatçılar Avropada ən yaxşılar sırasındadır - Dünyanın elm təcrübəsindən İtaliya çoxəsrlik elmi fəaliyyəti və nailiyyətləri ilə Avropada mühüm yer tutur, italiyalı alim və tədqiqatçıların adları qitənin ən yaxşıları sırasında çəkilir. İtalyan alimlər hər il Avropa İttifaqının (Aİ) nüfuzlu mükafatlarına yiyələnir, milyon avroluq qrantlar alırlar. İtaliya universitet və elmi mərkəzlərdə aparılan tədqiqatlara görə Aİ-də səkkizinci sırada qərarlaşıb. Son illərdə İtaliyada alim və tədqiqatçıların sayı 30-40 min nəfər artaraq bir milyona çatıb. Bu göstəriciyə görə, İtaliya qitədə altıncı yeri tutur.
İtaliyalı tədqiqatçı və alimlərin əldə etdikləri nailiyyətlərə nəzər salır.
Renessansın “ürəyi” sayılan İtaliyada elmi akademiyalar XVI əsrin sonu və XVII əsrin əvvəllərində yaradılmağa başlayıb. XVII əsr müasir elmin və fəlsəfənin meydana gəldiyi, eyni zamanda, elmi inqilab əsri sayılır. Həmin dövrdə Avropa ölkələrində, xüsusən də İtaliyada elmlər akademiyalarının yaradılması elmin yeni və mühüm mövqelərə yiyələnməsi ilə bağlıdır. Əvvəlcə qeyri-rəsmi şəkildə fəaliyyət göstərən bu akademiyalar sonralar milli səviyyədə və krallıqların himayəsində fəaliyyət göstərən rəsmi qurumlara çevrilib.
İlk olaraq 1560-cı ildə Neapolda Təbiətin Sirləri Akademiyası (Accademia Secretorum Naturae), 1603-cü ildə Romada İti Baxış Akademiyası (Accademia dei Lincei), 1657-ci ildə Florensiyada Təcrübələr Akademiyası (Accademia del Cimento) yaradılmışdı. Bu akademiyalar ənənələrinə sadiq qalan universitetlərin toxunmağa cəsarət etmədiyi məsələlərin müzakirə olunduğu mərkəzlər idi.
Paytaxt Roma şəhərində yerləşən İtaliya Milli Elmlər Akademiyası (Accademia Nazionale dei Lincei) ölkənin, eləcə də dünyanın ən qədim elm ocaqlarından biridir. Umbria əyalətinin ən nəcib ailəsinə mənsub Federiko Cesi tərəfindən təsis olunan akademiyanın adı iti baxış qabiliyyətini simvolizə edən vaşaqdan (lince) götürülüb. Sonrakı dövrlərdə akademiya gah bağlanıb, gah da fəaliyyətini müxtəlif adlarla davam etdirib. 1871-ci ildə isə İtaliya Elmlər Akademiyası ölkənin rəsmi elmi qurumuna çevrilib.
Akademiyanın əsas vəzifəsi elmi biliyi ən yüksək ifadəsində, mədəniyyətin vəhdətində və universallığında təbliğ etmək, elmi fəaliyyəti əlaqələndirmək, inteqrasiya etmək və yaymaqdan ibarətdir. O, tədqiqat fəaliyyətlərini və missiyalarını təşviq edir və həyata keçirir, mükafatlar və qrantlar ayırır, həmçinin ianə qəbul edə və fondlar yarada bilər. İtaliya Milli Elmlər Akademiyası 1992-ci ilin iyulundan İtaliya Respublikası Prezidentinin elm və mədəniyyət sahəsi üzrə məsləhətçisidir.
Akademiya 2021-ci ildə G20-nin elmi qrupu sayılan S20 üzrə “The Science 20” görüşlərinə ev sahibliyi edib.
İtaliya Avropanın ən yaxşı alim və tədqiqatçılarına malik ölkəsidir
İtalyan tədqiqatının keyfiyyəti atavistik əsaslı problemlərlə əlaqələndirilir. İtaliyalı alim və tədqiqatçılar demək olar hər il Avropa İttifaqında nüfuzlu mükafat olan “Erc Consolidator”a yiyələnirlər. 2020-ci ildə italiyalı tədqiqatçılar 47 mükafat alıb ki, bunlar təkcə fəxri mükafatlar deyil. Belə ki, beş il ərzində bu sahədə tədqiqatları inkişaf etdirmək üçün 2 milyon avro məbləğində qrant da ayrılıb. 47 qrantın 17-si universitetlərdə və ya milli tədqiqat mərkəzlərində çalışan tədqiqatçılar tərəfindən əldə edilib. Həmin tədqiqatçıların 23-ü qadındır.
İtaliya, həmçinin qitədə ilk dəfə olaraq 2013-cü ildə Avropa Tədqiqat Şurası tərəfindən təsis edilmiş Konsolidator Qrantları ilə mükafatlandırılan ən çox elm adamına malik ölkədir. İtaliya Texnologiya İnstitutu bu vaxtadək Avropa İttifaqı tərəfindən ERC vasitəsilə maliyyələşdirilən 48 layihə təqdim edib. Avropanın “Horizon Europe” tədqiqat mərkəzindəki 397 tədqiqatçıdan 58-i italyandır. 2020-ci ildə isə 53 italiyalı alim və tədqiqatçı Avropa Tədqiqat Şurasının “Starting Grant” müsabiqəsinin qalibi olub.
Alim və tədqiqatçıların sayına görə İtaliyanı Aİ məkanında yalnız Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və Polşa qabaqlayır.
Daha bir diqqət çəkən fakt: Bu vaxtadək 20 italiyalı alim Nobel mükafatı alıb ki, onların çoxu fizik və həkimlərdir. İtaliya ilk dəfə 1906-cı ildə, son dövrlərdə isə 2007-ci ildə Nobel mükafatına yiyələnib.

Nihad Budaqov

Oxşar xəbərlər