Hüquq və İnsan Haqları İnstitutunda il ərzində 16 iş üzrə araşdırmalar aparılıb

Hüquq və İnsan Haqları İnstitutunda il ərzində 16 iş üzrə araşdırmalar aparılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat iclası keçirilib.
İclasda çıxış edən institutun baş direktoru hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, həmçinin qəbul edilmiş Dövlət Proqramlarının icrasından irəli gələn elmi-tədqiqat işlərindən danışıb.
Bildirilib ki, hesabat dövründə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun alim və mütəxəssisləri tərəfindən 1 istiqamət, 6 problem, 6 mövzu, 16 iş üzrə araşdırmalar davam etdirilib.
2021-ci ildə tətbiq edilmiş mühüm nəticələrdən söz açan institutun baş direktoru diqqətə çatdırıb ki, elmi müəssisə tərəfindən üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr etdirilən “44 günlük diplomatiya dərsləri” elmi ictimaiyyətin, kütləvi-informasiya vasitələrinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən böyük maraqla qarşılanıb. Kitabda 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Rusiya, Türkiyə, Böyük Britaniya, İspaniya, Almaniya, İtaliya, Yaponiya və ABŞ kimi dünyanın aparıcı ölkələrinin KİV qurumlarına, jurnalistlərə rus, türk və ingilis dillərində verdiyi çoxsaylı müsahibə və cavablandırdığı 600-dən çox sual yer alıb.
Aytən Mustafazadənin sözlərinə görə, institut kollektivinin imza atdığı digər mühüm və dəyərli nəticə müəssisənin icraçı direktoru iqtisad üzrə fəlsəfə doktoru Fuad Hüseynovun “Qayıdışdan doğan böyük dirçəliş” kitabıdır. Alim qeyd edib ki, kitabda ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində ölkəmizin qısa zaman kəsiyində sürətlə yüksələn iqtisadi və siyasi nüfuzundan bəhs olunub. Eləcə də regionun aparıcı qüvvəsi kimi geosiyasi və geostrateji məsələlərin həlli istiqamətində mühüm söz sahibi olması diqqətə çatdırılır.
İclasda Hüquq və İnsan Haqları İnstitutunun 2021-ci ildə beynəlxalq əlaqələrindən müvafiq sahədə fəaliyyət göstərən xarici elmi-tədqiqat müəssisələri, həmçinin beynəlxalq və regional təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarından və qarşıda duran perspektivdən söz açılıb. Keçirilmiş konfranslar, seminarlar, təqdimatlar, dəyirmi masa və digər mühüm tədbirlər haqqında məlumat verilib.
İnstitutun nəşriyyat fəaliyyətindən danışarkən qeyd olunub ki, hesabat dövründə elmi müəssisənin alim və mütəxəssisləri tərəfindən 5 kitab, 1 broşür, 5 monoqrafiya çap olunub. 101 məqalə (onlardan 18-i xaricdə) və 50 tezis dərc edilib. Kütləvi informasiya vasitələrində 50-dən çox müsahibə və çıxış, müxtəlif mövzulara dair açıqlamalar, elmi-publisistik məqalələr yayımlanıb.
Aytən Mustafazadə elmi kadrların hazırlanması məsələlərinə də toxunub. Qeyd edib ki, hazırda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə əyani və qiyabi təhsil formasında ümumilikdə 10 doktorant və 20 dissertant təhsil alır. Hesabat ilində elmlər doktoru hazırlığı proqramına uyğun olaraq 27 nəfər öz elmi-tədqiqat işini davam etdirib. Həmçinin 2021-ci ildə 5 nəfər Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına, 4 nəfər isə elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunub.
Hesabat ətrafında aparılan müzakirələrdə müvafiq şöbələrin rəhbərləri, mühüm nəticələrin icraçıları yaxından iştirak ediblər, rəy və təkliflərini səsləndiribər.
Sonda həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər