Avropa ölkələri Azərbaycana xüsusi önəm verir - TƏHLİL

Avropa ölkələri Azərbaycana xüsusi önəm verir - TƏHLİL Son həftələr Ukrayna ətrafında cərəyan edən hadisələr, Qərblə Rusiya arasında siyasi, iqtisadi və dolayısı yola hərbi toqquşmalar, dünyanın yenidən qütblərə bölünməsi ayrı-ayrı güc mərkəzlərinin ölkəmizə marağının və diqqətinin daha da artmasına səbəb olub. Azərbaycana marağın artması ölkəmizin vacib strateji coğrafi yolayrıcında yerləşməsi, zəngin təbii resursları ilə yanaşı, həm də, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətlə dünyada sayılıb-seçilən liderlər sırasında olması ilə bağlıdır. Heç kimdə şübhə yoxdur ki, siyasətdə lider amili həmişə ən vacib faktor olmaqla, xalqların gələcəyi üçün müstəsna əhəmiyyətə malikdir.
Hazırda Qərb-Şərq toqquşmasının artdığı, dünyada yenidən bloklaşmanın getdiyi, Rusiya və ABŞ arasında qarşılıqlı olaraq nüvə təhdidlərinin edildiyi bir vaxtda Azərbaycan liderinin dünyanın və regionun ən aktual məsələləri ilə bağlı tutduğu mövqe, aparılan soyuqqanlı rasional siyasət Bakıya diqqətin artırılması ilə yanaşı, xalqımızın maraqlarının bütün geosiyasi oxlar tərəfindən nəzərə alınması ilə nəticələnməkdədir. Azərbaycan Respublikasının ABŞ, Britaniya, Aİ və Rusiya ilə münasibətləri Qara dənizdən Çinə qədər orta xətdə yerləşən bütün dövlətlərdən kardinal şəkildə fərqlənir. Keçmiş Sovet İttifaqına daxil olan respublikalardan fərqli olaraq, Azərbaycan 1990-cı illərdə başlanan və hazırda davam edən beynəlxalq qütbləşmədə iştirak etmir, əsrlərdir, dünyada hərbi toqquşmaların carçısı olan hərbi-siyasi alyanslarda yer almayaraq dövlətləri bir-birindən ayıran deyil, əksinə, onları birləşdirən, qütblər arasında barışıq platforması yaradan sülh mərkəzinə çevrilib. Təsadüfi deyil ki, bir neçə il əvvəl ardıcıl olaraq NATO və Rusiya, ABŞ və Rusiya generalları arasında bir çox görüş məhz neytral məkan olan Bakıda baş tutmuşdur. Bu yaxınlarda isə, Ukrayna prezidenti Vladimir Zelenskinin də Moskva və Kiyev arasında görüş yerlərindən biri kimi məhz Bakını təklif etməsi hərbi-siyasi bloklarda yer almayan Azərbaycanın xarici siyasət davranışındakı uğurlu gedişlərlə bağlıdır. Sirr deyil ki, hazırda bloklaşmada Qərbin və ya Rusiyanın dəhlizində yer alan bir çox dövlət xarici və daxili siyasət davranışı ilə bağlı suverenliklərini bir çox halda daraltmış, nəticə etibarilə öz milli maraqlarının deyil, hegemon dövlətlərin geosiyasi ambisiyalarına xidmət (qulluq) edən subyektlərə çevrilmiş olurlar.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin ölkəmizin təhlükəsizliyinin yuxarıda qeyd edilən istiqamətdə qoruması heç də asan məsələ deyildi. Ərazisi kiçik olan və müstəqilliyini 30 il əvvəl qazanan Azərbaycan xarici siyasətdə ikitərəfli münasibətlər fəlsəfəsinə üstünlük verərək, bütün beynəlxalq güclərlə bərabərhüquqlu və balanslı siyasətin qurulmasına nail olub.
Birmənalı şəkildə qeyd edilməlidir ki, bu gün beynəlxalq siyasət meydanında baş verənlər müxtəlif ssenarilərin icra olunması uğrunda planlı davranışların tərkib hissəsidir. NATO və Avropa İttifaqının tədricən genişlənməsi, Çin, Rusiya və Anqlosaksonlar arasında toqquşma, Almaniya və Rusiyanın iqtisadi-siyasi yaxınlaşmasına maneələrin törədilməsi, birqütblü dünyanın dağılması üçün Moskva və Pekinin son addımlarına cavab olaraq Birləşmiş Ştatların Ukraynada Rusiya və Çinə “dərs” vermə cəhdləri qlobal nizamla, regional təhlükəsizliklə bağlı yeni proseslərin başlanğıcının işarəsidir.
Yeri gəlmişkən, bu kontekstdə Azərbaycan dünya dövlətləri və strateqləri üçün xüsusi yeri tutur. Təsadüfi deyil ki, hələ ötən əsrin 90-cı illərdə proqnozlaşdırılan Rusiya-Qərb toqquşmasının Ukrayna mərhələsi hazırda hamımızın gözləri qarşısında müşahidə edilməkdədir. Uzun illər mühüm dövlət kürsülərini tutmuş, dünyanın ən tanınmış strateqlərindən sayılan Zbiqnev Bjezinski də öz təhlillərində ölkəmizə xüsusi önəm verir, Rusiya ilə ABŞ arasında geosiyasi rəqabət kontekstində Azərbaycanın və Ukraynanın ən önəmli ölkələr olduğunu deyirdi. Lakin zaman göstərdi ki, bir çox digər dövlətdən fərqli olaraq, Azərbaycan birinin digərinə qarşı geosiyasi mübarizəsinin obyektinə çevrilmədi, nəticədə ölkəmiz dünyanın güc mərkəzləri arasındakı toqquşmanın qurbanı olmadı. MDB məkanında bəzi dövlətlərin müxtəlif liderlərinin rəngli inqilablardan sonra etdikləri bir çox səhvlər Azərbaycanda ona görə təkrarlanmadı ki, bizim Prezident İlham Əliyev kimi liderimiz var. Hazırda baş verənlər, bəzi ölkələrin bilərəkdən hərbi-siyasi poliqona çevrilməsi müsəlman-türk dövləti olan Azərbaycan üçün daha ciddi təhlükələr yarada bilərdi.
Bu gün biz ölkəmizə dünya liderlərinin artan marağını, bizim onların qapısında deyil, onların bizə tərəf istiqamətlənməsinə şahidlik edirik. Cənubi Qafqazın Xəzər sahillərində yerləşən coğrafi cəhətdən kiçik Azərbaycan hazırda Çin, Əfqanıstan, Pakistan, Mərkəzi Asiya, Rusiya, İran, Aİ, Britaniya, ABŞ üçün vacib beynəlxalq subyektə çevrilib. Dünyanın diqqətinin Ukraynada olduğu bir vaxtda son həftələr ərzində Azərbaycan liderinə edilən zənglər, yazılan məktublar bunun bariz göstəricisidir. Həmin dialoqlar zamanı Azərbaycanın bütün sahələrdə onlar üçün vacib tərəfdaş olduğu yüksək qiymətləndirilir, ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqları qeyd edilir.
Son 1 ay ərzində Azərbaycan liderinə artan telefon zəngləri və yazılan məktublar, sözsüz ki, rəsmi Bakının beynəlxalq sistemin vacib subyekti olduğunun göstəricisidir.
Martın 8-də İtaliya Respublikasının Baş naziri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub. Enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yer tutur. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını bildiriblər. Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Bundan bir qədər əvvəl isə Astriya Respublikasının prezidenti Aleksander Van der Bellen Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda Azərbaycan və Avstriya arasında qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlər yüksək qiymətləndirilir, birlikdə ölkələrimiz arasındakı dostluq əlaqələrinin siyasi, iqtisadi və mədəni müstəvidə daha da dərinləşdirə və inkişaf edəcəyinə ümidvar olduğu qeyd edilir.
Tarixən dünya siyasətində xüsusi yer tutan Böyük Britaniya da son zamanlar Azərbaycana olan diqqətini daha da artırıb. Londonun Azərbaycanın enerji sektorunda aktiv fəaliyyətli ilə yanaşı Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiyaların yatırılması da gözləniləndir. Eyni zamanda, bölgədə yeni yaranmış reallıq London – Asiya oxu üzərində ölkəmizə olan marağı daha da artırıb. İkitərəfli münasibətlərin son inkişaf istiqamətləri Böyük Britaniyanın Baş naziri Boris Consonun prezident İlham Əliyevə yazdığı məktubda da yer alır. O qeyd edir ki, “on 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişafı etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib. İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq.
Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır. Qarşıdakı illərdə tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözləyirəm”.
Bunun ardınca - martın 9-da isə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson ölkəmizə səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.
Bu, martın ilk ongünlüyündə Azərbaycan Prezidentinin Avropa liderləri təmaslarının tam iyahısı deyil. Martın 1-də Avropanın digər vacib dövlətlərindən sayılan, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub. Telefon danışığı zamanı, həmçinin, enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bundan başqa, martın 7-də Azərbaycan və Fransa prezidentləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birinə məktub ünvanlayıb. Prezident Makron məktubunda ümidvar olduğunu bildirib ki, ikitərəfli əlaqələr bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcək. O, Fransanın buna fəal şəkildə töhfə verəcəyini vurğulayıb.
Martın 3-də isə Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Son 1 ayda isə Prezident İlham Əliyevə zəng edənlər siyahısında NATO-nun baş katibi və Polşa prezidenti də var.
Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Fevralın 16 da Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Polşa Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxunub və ATƏT çərçivəsində atılan addımların gərginliyin azaldılmasına xidmət edəcəyini vurğulayıb. Söhbət əsnasında Ukrayna ətrafında cərəyan edən hadisələrə dair fikir mübadiləsi də aparılıb.
Bundan başqa, Azərbaycanla Türkiyə, Azərbaycanla Rusiya, Azərbaycanla İran arasında da bir neçə dəfə telefon danışığı və görüşlər baş tutmuşdur.
Yuxarıda qeyd edilənlər, bir daha onu deməyə əsas verir ki, prezident İlham Əliyev bu illər ərzində ölkəmizi beynəlxalq təhdidlərdən maksimum şəkildə qorumağı bacararaq Azərbaycanın təhlükəsizliyini təmin edib, dövlətimizi planetar səviyyədə ən aktual mövzuları müzakirə edən beynəlxalq subyektə çevirməyi bacarıb. Bunun nəticəsidir ki, Avrasiyada təhlükəsizliyin təhdid altında olduğu və yeni konfiqurasiyanın formalaşdığı bir vaxtda ayrı-ayrı dünya liderləri Ukrayna ətrafında baş verənləri, regional prosesləri, qlobal nizamı məhz Azərbaycan lideri ilə müzakirə edirlər.

Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının ideoloji və təşkilati işlər,
sosial məsələlər üzrə müşaviri,
Bakı Politoloqlar Klubunun sədri



Oxşar xəbərlər