UNEC-dəyirmi masa: Milli prioritetlərin reallaşdırılması mexanizmləri

UNEC-dəyirmi masa: Milli prioritetlərin reallaşdırılması mexanizmləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyatın tənzimlənməsi kafedrasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasının mexanizmləri” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Tədbirdə kafedra müdiri professor Məhiş Əhmədov 2021-2030-cu illər üçün qəbul olunmuş 5 milli prioritetin hər birinin başlıca xarakterik cəhətlərini və reallaşma mümkünlüyünü, onları müəyyən edən amil və şərtlərin hərəkətverici qüvvələrini konkret materiallar, proqramlar əsasında ətraflı şərh edib. Məruzəçi vurğulayıb ki, milli prioritetlər son illərdə ölkəmizdə yaradılmış iqtisadi, sosial, elmi-texniki və maliyyə potensialına, infrastruktura, institusional bazaya, xüsusilə II Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olması nəticəsində yaranan regional və beynəlxalq reallıqlara əsaslanaraq müəyyən edilib.
Müzakirələrdə dosent Azər Hüseynov milli prioritetlərdə insan kapitalının inkişaf etdirilməsi və milli innovasiya sisteminin yaradılması zərurətini xüsusi vurğulayıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov milli prioritetlərin konkret reallıqlara söykəndiyini qeyd edib. O yaxın perspektivdə ölkəmizin “yaşıl iqtisadiyyata” keçməsinin zərurətini, imkanlarını və prioritetlərini şərh edib.
Sonda professor-müəllim heyətinə milli prioritetlərdən irəli gələn nəzəri-metodoloji, əməli problemlərin tədris prosesində və tədqiqat işlərində öz əksini tapması tövsiyə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər