BDU-nun əməkdaşları şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər

BDU-nun əməkdaşları şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib.
Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, BDU könüllülərinin rəhbəri Nərmin Heydərova, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Gülabə Məmmədzadə və tələbələr iştirak ediblər.
Ziyarət zamanı çıxış edənlər Vətənin ərazi bütövlüyü uğrunda düşmənə qarşı döyüşlərdə general-mayor Polad Həşimovun göstərdiyi qəhrəmanlıqlardan danışıb, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər.
Şəhid generalın anası Səmayə Həşimova oğlu ilə bağlı xatirələrini bölüşüb, Polad Həşimovun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, gələcək nəsillər üçün örnək olacağını vurğulayıb.
Sonra şəhid generalın xatirəsinə yaradılmış guşə ilə tanışlıq olub, büstün önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
BDU əməkdaşları daha sonra Sumqayıtın Şəhidlər xiyabanında polkovnik-leytenant Raquf Orucovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tehsil-press.az

Oxşar xəbərlər