BDU-da Milli Qəhrəman Polad Həşimova həsr olunmuş tədbir

BDU-da Milli Qəhrəman Polad Həşimova həsr olunmuş tədbir Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunmuş onlayn tədbir keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qəhrəman generalımız haqqında videoçarx nümayiş etdirilib.
Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən Ələmdar Cabbarlı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız parlaq qələbədən danışıb, qələbəmizdə general Polad Həşimovun döyüş yolunun, fədakarlığının və onun əfsanəvi qəhrəmanlığının müstəsna rolu olduğunu vurğulayıb. Sonra Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, general Polad Həşimovun döyüş yoldaşı, ehtiyatda olan mayor Bəxtiyar Abdullayev, Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun kafedra müdiri Knyaz Aslan çıxış ediblər. Çıxışlarda şəhid generalın parlaq şəxsiyyətindən, şərəfli döyüş yolundan bəhs olunub, onun ömür yolunun xüsusilə gənc nəslə örnək olduğu vurğulanıb.
Tədbirdə iştirak edən Milli Qəhrəmanın xanımı Ofelya Salmanova Polad Həşimovla bağlı xatirələrini bölüşüb, onun qayğıkeş ata, nümunəvi ailə başçısı olduğunu xatırladıb. Bakı Dövlət Universitetinin məzunu olduğunu bildirən Ofelya Salmanova məhz onun üçün doğma olan bir elm, təhsil ocağında keçirilən tədbirdə iştirakdan məmnunluğunu ifadə edib.
Sonda tələbələrin təqdimatında bədii hissə təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər