BDU-da Azərbaycanın ali məktəblərində təhsil alan xarici tələbələrlə görüş

BDU-da Azərbaycanın ali məktəblərində təhsil alan xarici tələbələrlə görüş Bakı Dövlət Universitetində (BDU) Təhsil və Xarici İşlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) təqaüd proqramı ilə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrlə görüş keçirilib.
Görüşdə BDU, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində təhsil alan xarici doktorantlar iştirak ediblər.
Görüşün məqsədi əcnəbi tələbələrə yaradılan imkanlar barədə məlumat vermək, qarşılaşdıqları problemlərin həllində dəstək olmaqdır.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov çıxışında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 dekabr və 2018-ci il 10 yanvar tarixli sərəncamları ilə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycanın ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramlarının təsis edildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Multikulturalizm və tolerantlıq tarixən və indi azərbaycanlıların həyat tərzidir.
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bildirib ki, 5 il müddətində davam edəcək proqramlar çərçivəsində ümumilikdə 200 əcnəbi tələbənin təhsil qrantı əsasında ölkənin ali təhsil müəssisələrində təhsil alması planlaşdırılıb. Verilən təhsil qrantının məbləğinə təhsil haqqı, aylıq təqaüd xərcləri (viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş-gəliş) və ilkin tibbi yardım daxildir.
2018-2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin ümumilikdə 40 vətəndaşı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Hazırda müxtəlif ölkələrin vətəndaşları təhsil qrantı proqramları çərçivəsində Azərbaycanda təhsil alırlar. 2021-2022-ci tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 19, Qoşulmama Hərəkatı üzrə isə 18 ölkənin ümumilikdə 40 vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Görüşdə əcnəbi tələbələri maraqlandıran məsələlər müzakirə olunub, onların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər