Bakı məktəbində Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən tədbir: Tək inci

Bakı məktəbində Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən tədbir: Tək inci Bakı şəhəri 229 nömrəli tam orta məktəbdə “Şuşa İli” çərçivəsində sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən tədbir keçirilib. “Tək inci” adlı tədbir “Açıq dərs və açıq fikir” layihəsi çərçivəsində reallaşıb.
Açıq dərsdə əvvəlcə qonaqlara məktəbin foyesində tarixi motivlər əsasında bədii kompozisiya təqdim olunub. Daha sonra şagirdlərinin əl işlərindən ibarət sərgiyə və Qarabağ mətbəxinə aid nümunələrə baxış keçirilib.
Bədii hissənin ardınca məktəbin akt zalında açıq dərs formatlı bilik yarışı təşkil olunub. Yuxarı sinif şagirdləri Xurşidbanu Natəvanın həyat və yaradıcılığına dair 25 sualı cavablandırıblar. Alimlərdən və ictimaiyyət nümayəndələrindən ibarət münsiflər heyəti xüsusi fəallığı və dəqiq cavabları ilə seçilən üç şagirdi müəyyən edib və onlara məktəbin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və Missiya Media Qrupunun diplom və hədiyyələrini təqdim ediblər.
Tədbirdə şagirdlərin iştirakı ilə Qarabağ xanlığının tarixini əks etdirən müxtəlif səhnəciklər göstərilib.
Yekunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəbin rəhbərliyi, Milli Məclisin deputatları, rayon icra hakimiyyətinin təmsilçiləri və Missiya Media Qrupunun nümayəndələri çıxış edərək bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik və tarixi köklərə bağlılıq ruhunda yetişməsində böyük rol oynadığını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər