Məktəblilərlə onlayn görüş keçirilib

Məktəblilərlə onlayn görüş keçirilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin rəhbərliyi və şagirdlərinin iştirakı ilə onlayn görüş keçirilib.
“Günümüzün fədakarları” adlı onlayn görüşdə BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, məktəbin direktoru Elçin Abdullayev, ATV-nin xəbər aparıcısı Lalə Azərtaş, Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işlər üzrə inspektoru, polis polkovniki Məryəm Ömərova, həkim-infeksionist Heyran Xıdırova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova, müəllim və şagirdlər iştirak ediblər.
Onlayn görüşdə məktəbin direktoru Elçin Abdullayev mövcud tibbi-profilaktik vəziyyətlə əlaqədar əhalinin həyat və sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə pedaqoji heyət və şagirdlər tərəfindən məsuliyyətlə yanaşıldığını söyləyib.
Onlayn görüş zamanı çıxış edən qonaqlar vətəndaşların sağlamlığına həssas yanaşan dövlətimiz tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vacib və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıblar.
Çıxışlarda pandemiya dövründə Azərbaycan xalqının nümunəvi birlik nümayiş etdirdiyi vurğulanıb.
Həmçinin şagirdlərin təhsildən geri qalmaması, onların gündəlik dərs proqramına yiyələnməsi istiqamətində müxtəlif tədbirlərin görüldüyü, dərslərin distant formada keçirildiyi haqda fikir mübadiləsi aparılıb.
Qonaqlar şagirdlərə tövsiyələr verib, dərsləri ilə yanaşı, mütaliəyə də xüsusi diqqət yetirmələrinin vacibliyini önə çəkiblər.
Onlayn görüş zamanı 95 nömrəli məktəbin müəllimlərinin “Evdə qal, dərsdən qalma!” prinsipi ilə işlərini davam etdirdikləri də bildirilib.
Sonda qonaqlar şagirdlərin suallarını cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər