AzMİU-da daun sindromlu uşaqlar üçün xeyriyyə yarmarkası təşkil olunub

AzMİU-da daun sindromlu uşaqlar üçün xeyriyyə yarmarkası təşkil olunub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) daun sindromlu uşaqlar üçün “Göy qurşağı” adlı xeyriyyə yarmarkası keçirilib.
“Yaxşı dostlar xromosom saymaz!” şüarı altında keçirilən aksiyanın əsas məqsədi bu uşaqların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etmək olub. Yarmarkada “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları da iştirak ediblər.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlərinin təşəbbüsü ilə təşkil olunan yarmarkada tələbələrin hazırladığı bir-birindən fərqli, kiçik ölçülü kompozisiyalar, oxuculuq nümunələri, müxtəlif muncuq, daş-qaşla işlənmiş qadın bəzək əşyaları, gil, balıqqulağı və şüşədən suvenirlər, rəsm əsərləri iştirakçıların marağına səbəb olub. Hər kəs daun sindromlu uşaqlara az da olsa, dəstək olmaq üçün alış-veriş edib, maddi yardım göstərib.
Yarmarkada nümayiş olunan əl işlərinə baxan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova tələbələrin təşəbbüsünü alqışlayıb, belə aksiyaların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları ilə tanış olub, onlarla söhbət edib.
Qeyd edək ki, yarmarkada məhsulların satışından əldə olunan vəsait daun sindromlu uşaqların gündəlik ehtiyaclarının ödənilməsinə sərf olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər