Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar və təhsildə fərqlənən şagirdlər üçün istirahət proqramı təşkil edib

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar və təhsildə fərqlənən şagirdlər üçün istirahət proqramı təşkil edib Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və təhsildə fərqlənən bir qrup şagird üçün avqustun 26-da Qəbələdə istirahət proqramı təşkil edib.

Proqram Bakı, Şəki və Qəbələ şəhərlərindəki müxtəlif körpələr və uşaq evləri, internat məktəbləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən uşaq və yeniyetməni əhatə edib.
Bakıdan Qəbələyə yola düşən uşaqlar elə təyyarədə ilk dəqiqələrdən əyləncə dolu anlar yaşadılar. Uşaqların sevinci üzlərindən hiss olunurdu. Onlar bu gün həyatlarının ən xoşbəxt günlərindən birini yaşayırdı.
Şən klounlarla birlikdə Qəbələyə gedən uşaqları qarşıda maraqlı bir istirahət gözləyirdi. Qəbələ aeroportunda balacaların sevimli qəhrəmanları əllərində rəngarəng şarlarla onları qarşıladılar.
Dostları ilə birlikdə yay istirahətini keçirməyin sevincini yaşayan uşaqlar Qəbələdə onlar üçün ayrılmış xüsusi avtobuslarla əyləncə məkanına yola düşdülər.
“Qəbələnd” Əyləncə Mərkəzinə gələn uşaqların istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün xüsusi proqram hazırlanmışdı. Burada uşaqlar hər bir yaş qrupuna uyğun tərtib olunan müxtəlif əyləncələrdə həvəslə iştirak edirdi.
İsti yay günündə “Qəbələnd”in buz meydançasından başlanan əyləncə müxtəlif attraksionlar və oyunlarla əvəzlənirdi. Əyləncə Mərkəzinin geniş meydanında musiqi sədaları altında uşaqların nağıl qəhrəmanları və klounlarla rəqsi isə istirahət proqramını əsl bayrama çevirdi. Kimi rəqs edir, kimi selfi çəkdirir, kimi müxtəlif oyunlara qoşulur və təəssüratlarını bölüşürdülər.
Nizami rayonu 1 nömrəli uşaq evinin sakinləri Aynur İmanova, Aysun Vəliyeva, Aysel Ağayarlı bu unudulmaz əyləncə şəraitində vaxt tapıb öz təəssüratlarını da bölüşdülər. Qəbələnin Qum qəsəbəsindən olan Xumar Hacıyeva isə burada özünə yeni dostlar tapdığını söylədi.
Nizami rayonu 1 nömrəli uşaq evinin sakini Maral Zeynalova bu gün hamıdan çox sevinirdi, çünki avqustun 26-sı onun ad günü idi. O, bu istirahət proqramının onun üçün çox gözəl hədiyyə olduğunu bildirdi.
“Tufandağ” Qış-Yay İstirahət Kompleksində isə uşaqları kanat xətti ilə gəzinti gözləyirdi.
2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Fond “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbinin yenidən qurulmasını və əsaslı təmirini həyata keçirib. Ən əsası isə Heydər Əliyev Fondu valideyn qayğısından məhrum olan körpələri və uşaqları əsl ailə qayğısı ilə əhatə edib.
Uşaq evləri və internat məktəblərində tərbiyə alan yeniyetmələrin təhsilinin, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onlarda vətənpərvərlik hissinin aşılanması, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Heydər Əliyev Fondu ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir, müəssisələrdə məskunlaşan uşaqların təhsilinə, buradakı özfəaliyyət kollektivlərinə, musiqi, rəqs, xalçaçılıq, rəssamlıq dərnəklərinə lazım olan köməyini əsirgəmir. Fond tərəfindən aparılan ardıcıl və sistemli tədbirlər böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə edilərək layiqli vətəndaş kimi yetişməsinə yönəlib. Reallaşdırılan layihələrlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva daim körpələr və uşaq evlərində, internat məktəblərində olur, onların gündəlik qayğıları ilə maraqlanırlar. Artıq bir ailə sevgisi ilə əhatələnən bu körpələr və yeniyetmələr istər bayramları, tətil günlərini, istərsə də asudə vaxtlarını beləcə Fondun nümayəndələri ilə birlikdə keçirirlər.
Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində dövlətin təhsil sahəsindəki layihələri və islahatlarına dəstək olaraq müxtəlif tədbirlər həyata keçirir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin yüksəldilməsi istiqamətində proqramlar reallaşdırır. Qəbələdə təşkil olunan istirahət proqramında təhsildə fərqlənən şagirdlərin iştirakı həm də bu sahədəki tədbirlərin bir davamı idi.
Heydər Əliyev Fondu, həmçinin xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə tamhüquqlu vətəndaş kimi inteqrasiyasına yönəlik proqramlar reallaşdırır. Bu baxımdan Fondun dəstəyi ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil edilən sosialyönümlü tədbirləri nümunə göstərmək olar.
Qəbələdə tərtib olunan istirahət proqramı isə uşaqların yaddaşına daha bir xoş gün kimi yazıldı. Uşaqlar bu günün təəssüratını həm də onlar üçün təşkil olunan nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər əsnasında paylaşdılar. Proqram çərçivəsində uşaqlar nağıl qəhrəmanları, şən klounların əhatəsində oynayır, rəqs edir, viktorinalarda yarışırdılar.
Səfər zamanı gözəl istirahət günündən xatirə olaraq uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri verildi.
Daha sonra Azərbaycanın səfalı məkanlarından olan Qəbələnin gözəl mənzərələrindən birinə - Nohurgölə səfər edildi. Heydər Əliyev Fondunun təşkil etdiyi istirahət proqramı uşaqlar və yeniyetmələrin səmərəli dincəlmələri, dostları ilə bir arada əylənmələri ilə yanaşı, həm də Azərbaycanın daha bir bölgəsini yaxından görmək və tanımaq fürsəti yaratdı. Uşaqlar daha bir mənalı istirahət gününü təbiətin gözəlliyini seyr edərək başa vurdular.


Tehsil-press.az

Oxşar xəbərlər