Elmi seminar: KOB subyektlərinin dövlət satınalmaları üzrə mövcud vəziyyəti və inkişaf perspektivləri

Elmi seminar: KOB subyektlərinin dövlət satınalmaları üzrə mövcud vəziyyəti və inkişaf perspektivləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “KOB subyektlərinin dövlət satınalmaları üzrə mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Cəbrayıl Vəliyev rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verib, aktual mövzulara həsr olunmuş seminarların mərkəz üzvləri tərəfindən mütəmadi keçiriləcəyini bildirib.
Seminarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov təqdimatla çıxış edib. O, dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin, o cümlədən kiçik və orta biznes (KOB) subyektlərinin iştirak imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumlarla əməkdaşlığın ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyini qeyd edib.
İştirakçıların çoxsaylı suallarını cavablandıran məruzəçi dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni qanun layihəsinin hazırlandığını, bu sahədə prosedurların asanlaşdırılması məqsədilə zəruri data bazaların elektron satınalma portalına inteqrasiya edilməsi üzrə işlərin aparıldığını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər