Azərbaycan Dillər Universiteti cari tədris ilini uğurla başa vurub

Azərbaycan Dillər Universiteti cari tədris ilini uğurla başa vurub Azərbaycan Dillər Universitetində (ADU) Elmi şuranın iclası keçirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla gündəlikdə duran məsələlərdən danışıb. Rektor ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Əliyevi və Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Elçin İbrahimovu elmlər doktoru adı almaq üçün dissertasiya işlərinin müdafiəsi və Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədovu “Beynəlxalq praqmatika jurnalı”nın həmredaktoru (baş redaktoru) olması münasibətilə təbrik edilib, onlara gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
Qeyd olunub ki, ADU cari tədris ilini uğurla başa vurub, tələbələr yüksək akademik göstəricilərə yiyələnib və beynəlxalq əlaqələrin qurulmasında bir sıra mühüm addımlara imza atılıb. Eyni zamanda, ADU-da keçirilən yerli və beynəlxalq elmi konfransların, tədbirlərin əhəmiyyətindən, elmi əməkdaşlığın yeni perspektivlərindən söhbət açılıb. Xarici ölkələrin universitetlərini təmsil edən qonaqların ölkəmizdə yüksək səviyyədə qarşılanması, onlara Azərbaycanın multikultural dəyərlərinin aşılanması, tarixi-mədəni abidələrin təqdim olunması ən yüksək səviyyədə həyata keçirilib.
Həmçinin tədris ili ərzində bir sıra beynəlxalq proqramlar çərçivəsində müəllim-tələbə mübadiləsindən, “Erasmus+” layihəsindən, bu layihələrin elmi münasibətlərin yeni sferada nümayiş olunmasının əhəmiyyəti xüsusi qeyd olunub. Sonuncu kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin bir sıra nüfuzlu təşkilatlarda və xarici ölkə səfirliklərində keçirilməsinin vacibliyi önə çəkilib.
Tədris ili dövründə ən mühüm tarixi addımlardan biri də Pakistanın Müasir Dillər Universitetində ADU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılış mərasiminin olması vurğulanıb. Bildirilib ki, bu, həm təhsil, həm də siyasi baxımdan iki ölkəni bir-birinə daha yaxın edən amillərdən biri hesab oluna bilər. Ümumiyyətlə, ADU-nun xarici ölkələrin təmsil etdiyi mərkəzlərlə bağlı siyasəti beynəlxalq əməkdaşlıq baxımından böyük əhəmiyyətə malikdir.
Cari tədris ilində ADU-da imtahanların müvafiq qaydalara uyğun olaraq təşkil edildiyi də vurğulanıb.
Ezamiyyətdə olmuş ADU-nun prorektorlarının - professor Sevinc Zeynalova, professor Novruz Məmmədov, dosent, Milli Məclisin deputatı Tamam Cəfərova, dosent Jalə Qəribova və dosent Vüqar Mehrabovun hesabatları dinlənilib. Təklif olunan ideya və layihələrə münasibət bildirilib, növbəti illərdə tədrislə bağlı yeniliklərin tətbiqinin vacibliyi vurğulanıb.

Tehsil-press.az



Oxşar xəbərlər