ADU-da “Əli və Nino” romanının ləzgi, talış və udi dillərinə tərcümə nəşrləri təqdim edilib

ADU-da “Əli və Nino” romanının ləzgi, talış və udi dillərinə tərcümə nəşrləri təqdim edilib Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Mərkəzində Qurban Səidin “Əli və Nino” romanının ləzgi, talış və udi dillərinə tərcümə nəşrlərinin təqdimatına həsr olunmuş dəyirmi masa keçirilib. Nəşrlər ADU-nun rektoru akademik Kamal Abdullanın ideya rəhbərliyi ilə hazırlanıb. Kitablar nəfis tərtibatda kütləvi tirajla çap olunub.
Çıxışlarda “Əli və Nino” romanının bədii məziyyətləri, ictimai-siyasi məzmunu qabardılıb, onun poetik–idraki cəhətlərindən söz açılıb. Vurğulanıb ki, əsər obrazlar qalereyası, sosial dəyəri, tarixi məziyyəti ilə nə dərəcədə seçilirsə, multikultural dəyərləri əks etdirmək baxımından da o dərəcədə aktualdır.
Tədbirdə elmi işlər və innovasiya məsələləri üzrə prorektor professor Novruz Məmmədov “Əli və Nino”nun bədii məziyyətlərindən, xüsusilə multikultural dəyərləri ehtiva etməsindən danışıb.
Sonra “Əli və Nino” romanının talış dilinə tərcümə nəşrinin redaktoru Rasim Heydərov, romanın ləzgi dili variantının tərcüməçisi Müzəffər Məlikməmmədov, nəşrə məsul şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Rəşad İlyasov, Ukrayna-Azərbaycan Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko, “Etnoqlobus” mərkəzinin rəhbəri Gülnar İnanc, ADU-nun Filologiya fakültəsinin dekanı professor Şahin Xəlilli, Multikulturalizm Mərkəzinin elmi işçisi Turan Kərimli, Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva mövzu ətrafında çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər