BDU-nun Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır.
Fakültənin kafedralarında müvafiq elmlərin müasir və aktual problemlərini əhatə etməklə bir neçə istiqamət üzrə elmi tədqiqatlar aparılır.
Psixologiya ixtisası üzrə məzunlar praktik psixoloq kimi həm orta məktəblərdə, həm də müxtəlif psixoloji mərkəzlərdə, eləcə də ekstremal şəraitlər zamanı psixoloji xidmətin göstərilməsi zərurəti yaranan xüsusi qurumların struktur bölmələrində işləyə bilərlər.
Sosiologiya ixtisasını bitirənlərin ictimai rəyin öyrənilməsi, sosioloji tədqiqatların aparılması, müvafiq sosial proqnozların hazırlanması, sosial informasiyaların təhlili və s. istiqamətində müxtəlif mərkəz və qurumlarda işləməsi mümkündür.
Fəlsəfə ixtisası üzrə məzunlar xüsusən də elmi dünyagörüşü, elmi və dini baxışların fəlsəfi yönümdə təhlili, insan və həyat haqqında fəlsəfi baxışların ümumfəlsəfi kateqoriyalar əsasında təhlilinin aparılması istiqamətində müvafiq tədqiqat müəssisələrində, eləcə də gənclərlə iş üzrə özəl və dövlət qurumlarında idarəetmə sahəsində işlə təmin oluna bilərlər.
Sosial iş ixtisası üzrə məzunların əhalinin aztəminatlı təbəqələrinin sosial problemlərinin müəyyən edilməsi və onlara müvafiq köməyin göstərilməsi, eləcə də risk qrupuna daxil olan insanlarla lazımi sosial işin aparılması istiqamətində işləməsi mümkündür.
Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə məzunlar təhsilin müxtəlif səviyyələrində psixoloji xidmətin həyata keçirilməsi istiqamətində təhsil müəssisələrində işlə təmin oluna bilərlər.
Korreksiyaedici təlim ixtisası üzrə məzunlar xüsusən də inklüziv təhsil sahəsində (yəni eşitmə, görmə məhdudiyyəti, intellektual çatışmazlığı, nitq pozulmaları olan uşaqlarla) fəaliyyət göstərməklə problemli şəxslərdə müxtəlif qüsurların aradan qaldırılması və yeni bacarıq və vərdişlərin formalaşdırılması, eləcə də onların cəmiyyətə adaptasiyasının təmin edilməsində çalışa bilərlər. Onların xüsusi məktəblərdə, müəssisələrdə işlə təmin olunması mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər