"Abel Məhərrəmova bu görüşü təşkil etməyə söz verdiyim günə göydən qara daş yağaydı..."

Doğrudan qəribə bir dünyada, möcüzələrlə dolu bir məmləkətdə yaşayırıq. Bəzən elə şey-şüylərlə rastlaşırıq ki, adamı ixtiyarsız heyrət bürüyür. Sözün əsl mənasında acı bir heyrət!!!
BDU-nun hazırkı rektoru ilə keçmiş rektoru Abel Məhərrəmov arasında gedən siçan-pişik mübarizəsində olduğu kimi... Abeli qıpıdan qovurlar, pəncərəyə qaçır, pəncərəni üzünə bağlayanda bacaya cumur...  Ey Abel, günahkar özünsən, vaxtında başına gələnləri az-maz götür-qoy etsəydin, indi yaman günlərə qalmazdın. Sən isə neylədin, kürəyini Ramiz Mehdiyevin kürəyinə dayadın və elə bildin ki, dünya artıq sənindir. Ən böyük səhvə yol verdiyin ana  elə bu zaman da imzanı qoydun. O güclənmişdi, buna görəmi getdin bu yola!? Yoxsa başqa bir şeylər  çəkdi səni o səmtə?! Bunlar sənin hələ ki üstü açılmayan sirlərindir...
Ancaq Abel Məhərrəmov barədə cəmiyyətin bilmədiyi bir həqiqəti söyləmək istərdim. Sual oluna bilər. Nədən keçmiş rektorun özünə böyük ağsaqqal sandığı Ramiz Mehdiyevin adını çəkdim!? Abelin rektor təyinatını vaxtında istəməyənlərdən biri kimi indi ona təsəvvür edə bilməyəcək bağlılıq nümayiş etdirməsi təəccüb doğurur. Zamanında A. Məhərrəmovun təyinatı prosesində nəinki iştirakçı, əksinə, onun xahişi ilə bu işə təkan verənlərdən birisi olmuşam. Günlərin birində yolum düşmüşdü universitetə. Koridorda Abel Məhərrəmov yaxınlaşıb salam verdi və məni bir stəkan çayını içmək üçün kabinetə dəvət etdi. Getdik. Kimya fakültəsinin dekanı idi. Hüqüq fakültəsinin professoru, dostum Məhəmməd müəllim də bizimlə bərabər idi. Nəhayət, uzun söz-söhbətdən sonra ürəyini açdı və rektor olmaq arzusunu bildirərək məndən kömək istədi... Dedim ki, axı bu, mənlik məsələ deyil. Bilirəm dedi, sizlik deyil. Yusif Hümbətovla görüşünü təşkil etməyi məndən xahiş etdi. Söz verdim. Amma söz verdiyim günə göydən kaş qara daş yağaydı. Bildirdim ki,  axı siz gərək bir-birinizi tanıyasınız. Eyni kənddənsiniz. Abelin cavabı belə oldu: yox, Eldar müəllim, tanışlığımız yoxdur. Nə isə, görüşdürdüm. Bir ay çəkmədi ki, rektorluğun qapıları onun üzünə açıldı. Onu təbrik üçün hökumət telefonu ilə zəng etdim. Cavabı məni çox təəccübləndirdi və həmən gündən də onunla bütün əlaqəni kəsdim: "Hə, Sabiroğlu, bu məsələdə sənin də müəyyən rolun oldu". Ondan isə səmimi təşəkkür gözləyirdim. Sonralar Yusif Hümbətovu da Ramiz Mehdiyevə satdığı barədə xəbərlər dolaşmağa başladı. O, siçan-pişik oynamağı bax belə məharətlə bacarır.
               
Eldar Sabiroğlu,
Sabiq millət vəkili



Oxşar xəbərlər