Ermənistanın Azərbaycanla sərhədə hərbi texnika və şəxsi heyət cəmləməsi təxribatın olacağına işarə idi - ŞƏRH

Ermənistanın Azərbaycanla sərhədə hərbi texnika və şəxsi heyət cəmləməsi təxribatın olacağına işarə idi - ŞƏRH Ermənistanın son bir neçə ay ərzində Azərbaycanla həmsərhəd ərazilərə hərbi texnika və şəxsi heyət cəmləməsi, həmçinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində davamlı təxribatlar törətməsi məğlub ordunun və onun kapitulyasiya ilə razılaşaraq üzərilərinə yazılı öhdəliklər götürmüş hərbi-siyasi rəhbərliyinin revanşa hazırlaşdıqlarına şübhə yeri qoymurdu.
Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, daha öncədən də bəlli idi ki, Ermənistan “Minsk qrupu” adlı yaranışdan ölü doğulan və 30 ilə yaxın fəaliyyətsizliyi dovründə “canlı meyit” olduğunu sübuta yetirən təsisatın dirildilməsi üçün münaqişə və qarşıdurma vəziyyəti yaratmağa, sülh prosesini “əlverişli beynəlxalq şərait” yaranana qədər himayəçilərinin idarə etdiyi “masa”nın üzərinə daşımağa çalışır.
"Vaşinqton və Parisin regiondakı mövcud reallıqlara, Azərbaycanın suveren hüquqlarına və beynəlxalq hüquq normalarına uyğun gəlməyən məqsədyönlü qıcıqlandırıcı davranışları da gündəlikdə genişmiqyaslı təxribat ssenarisinin olduğu ehtimalını təsdiqləyirdi. Bu baxımdan, Ermənistanın Azərbaycanı “yeni reallıqlar” qarşısında qoymaq, delimitasiya prosesində üstün mövqelərə yiyələnmək üçün və bölgədənkənar mərkəzlər tərəfindən qarşısına qoyulan vəzifələri icra etmək üçün hərəkətə keçəcəyi gözlənilən idi.
Digər tərəfdən, Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlərin mövcudluğu, bu hərbi təsisatların gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın təhlükəsizliyinə təhdidlər yaradırdı. Ermənistanın həyata keçirmək istədiyi genişmiqyaslı təxribatın qarşısının alınması istiqamətində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qətiyyət və yüksək peşəkarlıq nəticəsində sözügedən hərbi obyektlər düşmənin canlı qüvvəsi ilə birlikdə məhv edildi və Ermənistanın mövcud potensialı nəzərə alınarsa, bu obyektlərin bərpası təxribatçı ölkəyə ən az 4-5 il vaxt lazımdır.
Son hadisələr zamanı Azərbaycanın əldə etdiyi uğurlardan biri də, şübhəsiz ki, Ordumuzun həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemlərini, çox mühüm, strateji əhəmiyyət kəsb eən yüksəklikləri nəzarətə götürməsidir. Bu, ilk növbədə Ermənistanın Azərbaycan Respublikasının Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində həyata keçirə biləcəyi bütün təxribatların qarşısının böyük güc sərf etmədən qarşısının alınması, eləcə də sözügedən ərazilərdə mülki vətəndaşların və hərbçilərin, mülki və hərbi obyektlərin uzunmüddətli təhlükəsizliyinin tam təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ordumuzun əldə etdiyi növbəti üstünlüklər sözügedən ərazilərimizdə quruculuq-bərpa işlərinin təhlükəsiz şəraitdə davam etdirilməsinə, yurda qayıdış prosesinin sürətlənməsinə ciddi töhfə verəcək. Ermənistan nə indi, nə də gələcəkdə ölkəmizə heç bir real təhlükə yarada bilməyəcək" - deyə E.Mirzəbəyli əlavə edib.
O vurğulayıb ki, son hadisələr zamanı əldə edilən nəticələr müstəvisində vəzərə alınması vacib olan məqamlardan biri də Ermənistanın xeyli sayda hərbi texnikasının, milyarddan artıq dəyəri olan iki S-300 raketinin, 200 nəfərə yaxın canlı qüvvəsinin, çoxlu sayda hərbi obyektin və onlarla postu məhv edilməsidir.
"Ermənistanda yüzlərlə yaralının olduğunu və bu ölkənin xəstəxanalarında onların müalicə olunmaları üçün yer olmadığını, zabitlər və müddətdən artıq hərbi xidmət keçən şəxslər arasında fərariliklə bağlı çoxsaylı faktların qeydə alındığını, bu ölkənin ictimai rəyində kütləvi psixoz hallarının, öz ordularına və hakimiyyət orqanlarına olan inamın tamamilə sarsıldığını da nəzərə alsaq, sentyabr döyüşlərini ümumi Zəfərimizin olduqca mühüm komponentlərindən biri kimi qeyd edə bilərik.
Bununla yanaşı, Azərbaycan həm Ermənistanın hərbi-siyasi hakimiyyətinə, həm revanşçı dairələr, həm Qafqazda sülhün və sabitliyin düşməni olan bu ölkənin ənənəvi hamilərinə açıq şəkildə mesaj verdi ki, bundan sonra ölkəmizin təhlükəsizliyinə təhdid yarada biləcək istənilən addımın qarşısı qətiyyətlə alınacaq.
Ermənistanın, Zəfərimizin ilk günlərindən hazırlıq gördüyü revanş cəhdləri Ordumuzun 7 saatlıq unikal əməliyyatı nəticəsində qətiyyətlə alındı və təcavüzkar ölkə növbəti dəfə acı məğlubiyyətə düçar edildi. Ermənistanın ictimai rəyində özünü qabarıq şəkildə büruzə verən aşırı təlaş və qorxu verilən mesajın effektivliyini sübuta yetirir. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Bu ölkə, əgər bir dövlət olaraq, mövcudluğunu qorumaq istəyirsə, Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində sülh müqaviləsi ilə razılaşmaqdan və mövcud reallıqları qəbul etməkdən başqa seçimi yoxdur", - deyə o bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər