Qondarma “Göyçə-Zəngəzur Respublikası” Azərbaycana qarşı siyasi-ideoloji terrordur - TƏHLİL

Qondarma “Göyçə-Zəngəzur Respublikası” Azərbaycana qarşı siyasi-ideoloji terrordur - TƏHLİL Azərbaycanın əldə etdiyi tarixi qələbə strateji baxımdan daha da dərinləşərək qalıcı olduqca ölkəmizə qarşı müxtəlif səviyyəli hücumlar və təxribatlar da artmaqdadır. Görünür milli dövlətimizə qarşı total təxribat planı həyata keçirənlər ictimai təşkilatlarımızı və onların qarşıya qoyduğu məqsədləri də özlərinə hədəf seçiblər. Xarici ölkələrdə yerləşən səfirliklərimizə qarşı təşkil olunan erməni təxribatları döyüş meydanında ordumuza uduzan radikalların öz terror cəhdlərinin diplomatik müstəvidə davam etdirmələridir. Eyni zamanda qlobal imperializmdən direktiv alaraq internet resursları üzərindən bizə hücum edən bioloji olaraq Azərbaycanı, düşüncə olaraq imperializmə xidmət edən sosial varlıqların bir adam kimi milli dövlətimizə və onun maraqlarına qarşı hücuma keçmələri də həmin məkrli planın tərkib hissəsidir.
Eyni mərkəzdən idarə olunan psevdovətənpərvərlər indi də tarixi torpaqlarımıza qayıtmaq, orada təməl hüququmuz olan yaşamaq haqqımız uğrunda mübarizəmizi hədəfə alıblar. Bu mənəvi-ideoloji terror da Azərbaycana qarşı hazırlanan digər təxribatlar kimi eyni mərkəzdən idarə olunur. Azərbaycan və Qərbi Azərbaycan İcmasının qarşıya qoyduğu məqsəd öz tarixi torpaqlarımıza qayıtmaq və orada daimi yaşamaq, millətimizin əsrlər boyu yaratdığı mirasa sahib çıxmaq, yurd yerlərimizi bərpa etmək olduğu halda birdən birə Göyçə-Zəngəzur Respublikası kimi təxribatçı ideya ortaya atmaq milli maraqlarımıza və məqsədlərimizə ziddir.
Bunun birdən çox zərərli tərəfi var. Hər şeydən öncə “Göyçə-Zəngəzur Respublikasını” elan edən Rizvan Talıbov ölkəmizdə uzun müddət qeyri-konstruktiv əməlləri ilə tanınan, hüquqa zidd hərəkətlər edən və nəticədə mühakimə edilərək həbsdə olan bir adamdır. Aydın görünür ki, bu şəxs milli maraqlarımızı öz məqsədləri üçün istismar edir. Təsadüfi deyil ki, Rizvan Talıbov hələ 2005-ci ildə Qərbi Azərbaycana Qayıdış Birliyini yaradan zaman ilk işi Əli İnsanovu müdafiə etmək olmuşdu. Hələ o vaxt bu əməl Qərbi Azərbaycanlılarda hiddət doğurmuşdu. Çünki o Qərbi Azərbaycanlıların ümumi mövqeyinin əleyhinə hərəkət edərək onların birliyini və mənimsədikləri dəyərləri dağıtmağa hesablanmışdı. Bir müddət sonra isə yol verdiyi hüquqa zidd hərəkətlərə görə məsuliyyətə cəlb edilərək məhkəmənin hökmü ilə 4 il həbs cəzası almışdı. İndi isə təxribatçı hərəkətlərindən əl çəkmədiyi üçün dərhal QAQB tərəfindən siyasi dələduz adlandırılaraq həmin təşkilatın sədrliyindən və üzvlüyündən qovulmuşdur. Belə bir siyasi riyakarın nəinki “Göyçə-Zəngəzur Respublikası” yaratmağa heç bu müqəddəs adları tələffüz etməyə belə mənəvi haqqı yoxdur. Çünki bu ideya Azərbaycanın Zəngəzur dəhlizi məsələsində israr etdiyi bir vaxtda belə bir rəy yaradır ki, Azərbaycan Zəngəzurda dəhliz açmaq yox, orada dövlət yaratmaq fikrindədir. Bu isə dəhlizin açılmasına qarşı əsl təxribatdır. İkinci ən zərərli məsələ ondan ibarətdir ki, Rizvan Talıbov “Kürdüstan İslami Adalet Partisi” genel başkanı ilə danışıqlar apararaq Zəngəzurda mümkün kürd dövləti yaradılması ideyasını ortaya ata bilər. Əks təqdirdə nəyə görə Rizvan Talıbov Türkiyənin Batman şəhərindən Mehmet Ali Arslanı özünə vitse-prezident təyin edərək onu “Kürdistan İslami Adalet Partisi” genel başkanı Mamusta Ali Bapirlə danışıqlar üçün İraqa göndərsin?!.
Bax, burada sovet KQB-sinin ötən əsrin 20-ci illərində Ermənistanla Azərbaycan arasında “Qızıl Kürdistan” yaratması ideyası yada düşür və Rizvan Talıbovun ideya rəhbərlərinin Cənub və Şimaldan olduğu faktının üstü açılır. Ancaq o zaman belə bir inzibati vahid yaratmaq ideyası olsa da çox sadə səbəbə görə yaradıla bilinmədi. Çünki Zəngəzur əhalisinin yüzdə 96 faizi Azərbaycan türkləri idi. İndi Rizvan Talıbov bu təhlükəli addımı atmaqla qardaş kürd xalqı ilə aramıza nifaq toxumu səpməyə çalışır. Çünki Azərbaycandakı milli birlik və həmrəylik onu bölücülük hərəkətlərinə sövq edən imperialist mərkəzlərin xoşuna gəlmir.
Başqa təhlükəli məsələlərdən biri isə odur ki, Rizvan Talıbov Ankarada “Göyçə-Zəngəzur Respublikası”nın ilk Bürosunu açıb. Açılışda çıxış edən Mehmet Ali Arslan israrla bəyan edib ki, Zəngəzur Osmanlı torpağıdır. Ankarada dəfələrlə Zəngəzurun Osmanlı torpağı olmasını dilə gətirmək Azərbaycanda bu fikrə qarşı ictimai etirazları formalaşdıraraq, gələcəkdə Azərbaycanla Türkiyə arasında fikir ayrılığı yaratmaq niyyətindən doğur. Bu cür təxribat Azərbaycan-Türkiyə qardaşlığına yönəlmiş ən hiyləgər və sinisi təxribatdır. Bütün bunlar azmış kimi Azərbaycan tərəfindən heç bir reaksiya olmadığını görüb diqqəti cəlb etmək üçünü Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adına açılmış saxta Feysbuk qrupunda paylaşımlar edərək, ictimaiyyətdə belə bir rəy yaratmağa çalışır ki, guya “Göyçə-Zəngəzur Respublikası”nı Azərbaycan dövlətinin dəstəyi ilə yaradıb. Bəzi insanlar isə belə yanlış fikirlərə inanaraq, həmin quruma dəstək verə bilərlər. Göründüyü kimi bu cəhd ictimai rəyi öz təxribatının lehinə manipulyasiya etməkdir. Bu cür məqsədli hərəkətin özü ictimai məsuliyyət yaradır və hüquqi qarşılığı var. Medalyonun digər üzündə isə Rizvan Talıbov tamamilə başqa tablo yaradır, Guya ki, Azərbaycanda Qərbi Azərbaycan mübarizəsi apardığı üçün hakimiyyət Rizvan Talıbova təzyiq göstərir, hətta vəzifə, deputatlıq təklif edirlər ki, Qərbi Azərbaycan mübarizəsindən əl çəksin. Bu, birbaşa dövlətə xəyanətdir, dövləti Qərbi Azərbaycanlıların gözündən salmaq cəhdidir. Göründüyü kimi Rizvan Talıbovun fəaliyyəti siyasi dələduzluq üzərində qurulub. Onun məqsədləri isə daha təhlükəli və manipulyativdir.
Şübhəsiz ki, bu fəaliyyət və məqsədlər Rizvan Talıbovun intellektual göstəricilərinə adekvat deyil. Görünür onun yaxşı “məsləhətçiləri” var. Onların kimliyinə gəldikdə isə bu, Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Biz onları 44 günlük müharibədə ermənilərə dəstək verərkən, iki ilə yaxındır davam edən postmüharibə mərhələsində Zəngəzur dəhlizi deyəndə hər dəfə sərhədlərin toxunulmaz olduğunu uca səslə bağırarkən, bir mahnının sözlərindən xofa düşərkən gördük və tanıdıq. Heç bir hüquqi əsası və qeydiyyatı olmayan bir adamı saxta imzalarla “nazir-vəzir” təyin etməsi, özünü prezident, bir başqasını prezident yardımçısı adlandırması təkcə adi siyasi macərapərəstlik deyil, həm də hüquqi məsuliyyət yaradan qeyri-qanuni fəaliyyətdir.
Bu məsələ ilə bağlı bütün Qərbi Azərbaycanlıların yeganə legitim təşkilatı olan Qərbi Azərbaycan İcmasının ümumi mövqeyi belədir ki, Rizvan Talıbovun fəaliyyəti icmanın məqsədlərinə, birliyinə, legitimliyinə, həmrəyliyinə və nəhayət Azərbaycan dövlətinin maraqlarına qarşı təxribatdır. Ona görə də R.Talıbovun bu cür avantürist hərəkətlərinin qarşısı dərhal alınmalı və onun Türkiyədəki fəaliyyəti və əlaqədə olduğu insanların kimliyi, onların məqsədləri araşdırılmalı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Əks təqdirdə cəzasızlıq mühiti bu cür siyasi dələduzların milli maraqlarımıza daha böyük zərbələr vurmasına gətirib çıxara bilər. Yaşadığımız bu mürəkkəb və həssas tarixi mərhələdə əleyhimizə atılan hər bir addım milli gücümüzü və həmrəyliyimizi düşmən qarşısında azalda bilər. Bu isə yolverilməzdir .

Hikmət Babaoğlu - deputat,
Qərbi Azərbaycan İcmasının sədr müavini





Oxşar xəbərlər