UNEC-in professoru beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinə Zəngəzur dəhlizinin qoşulması imkanlarından danışıb

UNEC-in professoru beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinə Zəngəzur dəhlizinin qoşulması imkanlarından danışıb Cənubi Qafqazın yalnız təbii və iqtisadi resurslarına görə deyil, daha çox regionun coğrafi mövqeyinə görə yaxın və uzaq xarici ölkələrin “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa qoşulmaq imkanı yaranıb. Eyni zamanda, Qərbi Avropanın, Şimali Amerikanın, habelə Asiyanın inkişaf etmiş ölkələrinin həmin nəqliyyat-kommunikasiya əlaqələrində az və ya çox dərəcədə iştirak etmək imkanlarının səbəbləri və nəticələrinin təhlili zərurəti qarşıya çıxıb.
Cənubi Qafqaz regionu ümumi halda götürüldükdə ərazinin vahid coğrafi mövqeyi diqqəti daha çox cəlb etsə də, hər halda regionun ayrı-ayrı ölkələri malik olduqları ərazi-məkan xüsusiyyətlərinə görə müxtəlif üstünlüklərə malikdirlər. İstər tarixi baxımdan, istərsə də müasir reallıqlar baxımından Cənubi Qafqazın hər üç ölkəsinin ərazisinin müqayisəsində Azərbaycan ərazisinin bir çox üstünlüklərə malik olması göz qabağındadır.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru İrşad Kərimli bildirib. O qeyd edib ki, dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi proseslərin mənzərəsinə fikir verdikdə Cənubi Qafqazın nəinki müasir dövr, daha çox perspektiv dövr üçün xüsusi strateji əhəmiyyətə malik olan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat layihələrində Azərbaycanın birbaşa iştirak etməsi və bu layihələrin həyata keçməsində və Cənubi Qafqazın lider ölkəsinə çevrilməsində Azərbaycan ərazisinin müstəsna rolu aydın görünür. Həmçinin Azərbaycan özünün əzəli torpağı olan və 30 il erməni işğalı altında olan Qarabağ regionunu 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində işğalçılardan azad edərək beynəlxalq nəqliyyat dəhlizləri üçün xarakterik olan, Şərqə və Qərbə çıxışı təmin edən təbii marşrutların mühüm ilkin şərtlərini qarşıya qoyub. Hazırda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran ticarət, enerji, nəqliyyat-logistika və bank xidmətləri sahəsində birgə layihələr hazırlayır. Bu istiqamətdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Rusiya və İranın “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizində önəmli bir qapı rolunu oynaması, Cənubi Qafqazın Türkiyə və İranla birlikdə beynəlxalq iqtisadi inkişafa böyük töhfə verəcəyi həqiqətə çevrilməkdədir.
“Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması nəinki qısa və orta, habelə uzunmüddətli perspektiv məqsədləri, həmin məqsədlərə çatmaq istiqamətlərini və vasitələrini də qarşıya qoymaqla yalnız regional deyil, daha çox beynəlxalq əhəmiyyətli vəzifələri yerinə yetirəcək.
Cənubi Qafqazın coğrafi mövqe cəhətdən daha güclü və əhəmiyyətli ərazilərindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi özünün çoxcəhətli və şaxəli olması baxımından diqqəti cəlb edən bir çox konkret marşrutları formalaşdırıb. Bu marşrutların əhatə dairəsi Xəzər hövzəsi ölkələrini, Baltikyanı ölkələri, Şimali və Qərbi Avropa ölkələrini və əks istiqamətdə magistral nəqliyyat kommunikasiyalarının bütöv bağlılığını əks etdirir. Qeyd edilən dəhliz üzrə başlıca daşımalar Şimali və Qərbi Avropadan başlayaraq Rusiya ərazisindən Həştərxan istiqamətində, buradan isə avtomobil, dəmir və su yolları (Xəzər dənizi) ilə Cənubi Qafqaz istiqamətində 3 əsas - Transxəzər, Şərq və Qərb marşrutları üzrə həyata keçirilir. Bu marşrutların hər biri xüsusi beynəlxalq əhəmiyyət daşısa da, hər halda zaman, məkan və səmərəlilik baxımından Şərq və Qərb marşrutları daha çox beynəlxalq əhəmiyyət kəsb edir.
İstər Şərq, istərsə də Qərb marşrutları Rusiya, Qazaxıstan, Türkmənistan ərazisindən keçərək Həştərxan – Mahaçqala limanları, Azərbaycan ərazisindən keçərək Bakı Ələt limanı, Türkiyə ərazisindən keçərək Ceyhan limanı, İran ərazisindən isə Ənzəli-Əmirbaba limanlarına, oradan da Yaxın və Orta Şərq ölkələrinə doğru beynəlxalq miqyas alır. Şərq və Qərb marşrutlarının Azərbaycan ərazisindən keçməsi diqqəti çox cəlb edir. Çünki hər iki marşrut Azərbaycan ərazisindən dəmir və avtomobil yolu ilə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvandan keçərək İran və Türkiyə istiqamətinə, oradan da Şərq və Qərb ölkələrinə doğru beynəlxalq miqyas alır. Zəngəzur dəhlizinin açılması və bu dəhlizlə dəmir və avtomobil yolları ilə yüklərin və sərnişinlərin daşınması nəinki Cənubi Qafqazın, habelə layihədə iştirak edən yaxın və uzaq qonşu ölkələrin iqtisadi faydalanması ilə yanaşı, daha çox dünya gəlirlərinin bölgüsündə iştirak imkanlarını da artırır.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qeyd edilən hər üç marşrutunun Cənubi Qafqaz ölkələrinin xüsusən Azərbaycanın ərazisi ilə birbaşa və dolayı əlaqələnməsi, Zəngəzur dəhlizi ilə hər iki marşrutun Türkiyə və İran ərazisindən keçib Avropa və Körfəz ölkələrinin ərazisi ilə Qərbə və Uzaq Şərqə qədər uzanması, bununla da Cənubi və Cənub Şərqi Asiya ölkələri ilə Avropa ölkələri arasında yük və sərnişin daşımalarının dəniz yolu ilə daşımalara nisbətən daha qısa zaman kəsiyində və daha az xərclərlə başa gəlməsinə səbəb olacaq.
Belə ki:
•Bütün növ nəqliyyat xidmətləri ilə beynəlxalq bazarlara çıxış imkanları artır;
•Yük və sərnişin daşımalarında nəqliyyatın səmərəliliyi yüksəlir;
•Beynəlxalq daşımaların həcminin artırılmasına imkan yaranır;
•Üzv ölkələrin ərazisi ilə tranzit daşımalarında vaxt qısalır;
•Üzv ölkələr arasında razılaşdırılmış nəqliyyat siyasəti həyata keçirilir;
•Tranzit daşıma dəyəri minimuma endirilir;
•Dəhliz vasitəsilə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin edilir.

Tehsil-press.az


Oxşar xəbərlər