“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür”

“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür” “Həqiqətən də Azərbaycan tarixinin ən böyük irsi hazırda Ermənistan adlanan ərazilərdə mövcud olub. Bu, müəyyən bir dövr ermənilərin inkar etməyə çalışdıqları halda təxminən Ağdama Tiqranakert adıyla öz tarixlərinə süni şəkildə bağlayıb, onun üzərində qədimilik mənzərələri yaratmaq cəhdlərinə çox bənzəyir. İstər İrəvanın, istər Zəngəzur mahalının və istərsə də Göyçə mahalının tarixi toponomiyası oradakı mədəni irsin və dini abidələrinin hər birində Azərbaycan xalqının izləri, yaradıcılığı həyata baxışı ənənələri mövcud olub”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O təəssüflə qeyd edib ki, istər sovet dövründə və ondan sonrakı illərdə ermənilər büsbütün bu abidələri dağıtmağa çalışıblar: “Paralel şəkildə dağıdılması mümkün olmayan abidələr üzərində isə erməniləşmə əməllərini həyata keçiriblər. Şükürlər olsun ki, əlyazmalar itmədiyi kimi, tarix də ən azı kitablarda, bədii əsərlərdə və kino sənətində qorunub saxlanılır.
Azərbaycan bununla bağlı Vətən müharibəsindən öncə beynəlxalq arenalarda ciddi kampaniyalar aparmağa nail olub. Onu da demək lazımdır ki, həmin siyasətin nəticəsində biz ermənilər əleyhinə xüsusi qərarlar, aktlar qazana bilməmişik. Bunun da öz səbəbi var. YUNESKO son 3 ayda ölkəmiz əleyhinə siyasətin ön cəbhəsinə çevrilib. Başadüşüləndir ki, yumşaq güc siyasətində mədəniyyət çox mühüm alətdir. Belə olan təqdirdə onlar Qarabağ və ətraf ərazilərdə mədəni irsin, tarixin və xüsusilə də kilsələrin və məbədlərin qorunması tələbiylə bağlı Azərbaycan əleyhinə bir-birinin ardınca bəyanatlar verməkdədir.
Halbuki Şuşa və məlum ətraf yeddi rayonda hansısa erməni izi mövcud deyil. Onların Xudavəngə gəlişiylə bağlı atılan addımlar fonunda ölkəmizin özünün əks və ondan da irəli gedən daha güclü siyasəti olacaq. Bunu yaxın zamanlarda həm ölkə daxilində, həm də xaricdə görəcəyik. İrəvanda, Göyçədə həmçinin Zəngəzurda bütövlükdə ermənilərin yaşadığı ərazilərdə Azərbaycan irsiylə bağlı məsələləri daha sistemli şəkildə bundan sonra tanıtdırmaq, ermənilərin əleyhinə ciddi siyasi hüquqi qərarlar almaq və məhkəmələrə müraciət etmək imkanlarımız çox böyükdür”.
Deputatın sözlərinə görə, müşahidələr göstərir ki, ermənilər bütövlükdə Qarabağ və ətraf ərazilərdəki insan varlığına bağlı bütün izləri darmadağın edib:
“Prezident İlham Əliyev də çıxışlarında bildirib ki, “biz ermənilərə beynəlxalq müstəvidə dava açacağıq”. Artıq Avropa Məhkəməsində olan işlərimiz sübut edir ki, bu, gerçək hüquqi davadır. Ermənilər bilir ki, bütün bunlar 50 milyardlıq bir davaya çevriləcək məsələlərdir. Bunun konturları olaraq dedikləri odur ki, guya hansısa xristian abidələrini biz alban tarixinə bağlayırıq. Ona görə də qarşıdakı dövrdə xarici siyasət kursumuzda ən böyük hədəflərdən biri qeyd edilən məsələlər olmalıdır. Çünki bu, bizim həmin ərazilərə gerçək bağlarımızı sübut edən ən yaxşı indikatordur”.

Tehsil-press.az

Oxşar xəbərlər