BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir

BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbiri (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) öz işini davam etdirir.
Tədbirin ilk üç günündə Kosmik Hava üzrə dünyanın müxtəlif ölkələrində quraşdırılmış cihazlar və müvafiq məlumatlar bazası geniş təhlil olunub. Xüsusilə Kosmik Havanın modelləşdirilməsi üzrə aparılmış son elmi tədqiqatlara nəzər yetirilib. Müzakirələr zamanı Günəş atmosferindəki fəal törəmələrlə bağlı geomaqnit variasiyalarının Yerə təsirini qeydə alan cihazların iş prinsiplərinə və onların təkmilləşdirilməsi istiqamətində perspektivlərə geniş yer ayrılıb.
Kosmik Havanın təzahür formalarından biri kimi geomaqnit və ionosfer fəallığı Günəş küləyi, Tac Kütlə Atılmaları və digər yüksək sürətli yüklü zərrəciklər axını ilə əlaqədar olduğundan Günəş atmosferində baş verən qeyri-stasionar proseslərin nəzəri modelləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində son illər bu sahədə işlənib hazırlanan yeni modellər iştirakçıların diqqətinə çatdırılıb. Müzakirələr Günəş və Günəş-Yer əlaqələrinin fizikasında öyrənilən fiziki hadisələrlə yanaşı, ümumilikdə kosmik plazma ilə bağlı olan digər prosesləri də əhatə edib. Tədbir çərçivəsində son illər aktuallıq qazanan Kosmik Havanın proqnozlaşdırılması istiqamətində görülən işlərə də geniş yer ayrılıb, geomaqnit fəallığının Qlobal Naviqasiya Peyk Sistemlərinə və GPS-sistemlərə, o cümlədən müxtəlif detektorlara, elektrik verilişinə, radio yayımına təsiri və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbir öz işini milli və regional Kosmik Hava proqramları, həmçinin Kosmik Havanın tədris olunması istiqamətində görülmüş işlər üzrə müzakirələrlə davam etdirəcək.
Qeyd edək ki, beynəlxalq tədbirin yekununda dinlənilən məruzələr əsasında Kosmik Hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələr hazırlanacaq.
Tədbirdəki müzakirələr “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.
Beynəlxalq tədbir noyabrın 5-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər