Deputatdan itlərlə mübarizəyə çağırış – Əbədi problem, yoxsa...

Deputatdan itlərlə mübarizəyə çağırış – Əbədi problem, yoxsa... Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev küçə itlərinin təhlükəli olmasından danışıb. O bildirib ki, Azərbaycanda ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin olunub, amma insanlar küçəyə çıxanda itlərdən qorxur.

Deputat qeyd edib ki, bu gün Qərb ölkələrində böyük şəhərlərin mərkəzi küçələrindən kənara bir addım qoymaq cinayət qurbanı olmaq deməkdir:

“Bəzi küçələr var ki, polislər belə axşam saatlarında hava qaralandan sonra ora girməkdən çəkinir. Bizdə isə insanlar küçəyə çıxanda, cinayətkarlardan yox, itlərdən qorxur. Xüsusilə də şəhər ətrafında hava qaralandan sonra insanlar evə gələndə itlərə görə böyük stress və gərginlik keçirirlər”.

Q. Həsənquliyev beynəlxalq təcrübədən də söz açıb:

“Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyası var. Konvensiya 1987-ci ildə qəbul olunub. Azərbaycan 2007-ci ildə həmin Konvensiya qoşulub, ratifikasiya edib. Düzdür, Nazilər Kabinetinin yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanması ilə bağlı təsdiq etdiyi qaydalar var, amma qanun yoxdur”.

Bu problem dəfələrlə işıqlandırılıb, Bakıda və bölgələrdə sahibsiz itlərin insanları dişləməsi faktı qeydə alınıb, amma çifayda? Niyə məsələ köklü həllini tapmır?

Mövzu ilə bağlı danışan hərbi kinoloq Nicat Əhmədli bildirib ki, Azərbaycanda küçə itlərinin sayı sürətlə artır.

Onun sözlərinə görə, hazırda sahibsiz itlərin artmasının qarşısını almaq qeyri-mümkündür:

“Bunu heyvanları qısırlaşdırmaqla etmək olar. Çünki sığınacaqlar nə qədər çox olsa da, küçə itlərinin artımı onları dəfələrlə çox üstələyir. Bir it bəzən 8-10 bala verə bilir. Sığınacaqlar isə onların hamısını qəbul etmək gücündə deyil. Küçə heyvanlarını toplu şəkildə yemləyirik. Bu, əslində təbiət qanunlarına ziddir. Bizim dediyim davranış itlərin daha da artmasına səbəb olur. Təbii ki, bu artım heyvanların günahı deyil. Sadəcə olaraq, insanlar bunu normal şəkildə bir qaydaya salmalıdırlar. Bu isə qısırlaşdırmanı tələb edir. Dünyanın bir çox ölkələrində itlər qısırlaşdırılır və onların çoxalmasının qarşısı alınır”.

Kinoloq itlərin insanlara hücumundan da danışıb. Bildirib ki, buna bəzən insanların aqressiv davranışları da səbəb olur: “İnsanların itlərə qarşı aqressiv davranışı heyvanlarda özünü müdafiə refleksini yaradır. Çünki itlərə elə gəlir ki, insanlar onlara zərər vurmaq istəyirlər. Halbuki itlər insanlara adaptiv olan heyvanlardır. Təəssüf ki, Azərbaycanda bəzi insanlar itlərlə amansız rəftar edirlər. Bu da təbii ki, itlərdə insanlara olan güvəni itirir və onları aqressiv edir. Onlar nəticədə insan görən kimi hürürlər və hücum edirlər. Əgər bir it üzərinizə gəlirsə, etməli olduğunuz tək şey hərəkətsiz qalmaqdır. Bu zaman itin özü dərhal uzaqlaşacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər