Tramp bizim nəyimizdir? - Rauf Arifoğlunun yazısı

Tramp bizim nəyimizdir? - Rauf Arifoğlunun yazısı Tramp və Əliyevin Davos fotoları möhtəşəmdir. Güclü görüntülər, gücün görüntüləridir.

Yeni dünya düzənində Azərbaycan amilinə ciddi yer verildiyinin və gələcəyin mesajları bu görüntülərdən oxunur.

Hansısa ABŞ prezidenti heç zaman Azərbaycana bu qədər yaxın olmayıb.

Azərbaycan dövlətinin ən böyük uğurlarından biri ABŞ-ın yeni administrasiyası ilə birə-bir dostluq qura bilməsidir.

Özəlliklə də prezidentlər səviyyəsində.

Klinton, Buş, Obama, Bayden administrasiyalarında dövlət katiblərinin hansısa köməkçiləri ilə münasibət qura bilmək böyük üstünlük sayılırdı.

İndi isə Prezident Əliyev birbaşa Prezident Trampla dostluq edir, ortaq layihələrdə fəaliyyət göstərirlər.

Trampa azərbaycanlı kimi, türk qövmünün mənsubu kimi baxaq: onu ölkəmizin, Türk Dünyasının maraqlarından qiymətləndirək. Ona ukraynalının, danimarkalının, iranlının gözü ilə baxıb dəyər biçməyək.

Tramp bir il ərzində Türkiyəni Suriya qədər böyütdü.

Azərbaycanla yaxınlaşdı.

Zəngəzur dəhlizini himayəyə götürdü, ortağımız oldu.

Ermənistanla ənənəvi xristian təəssübkeşliyini aradan qaldırdı, Azərbaycan və Türkiyəyə üstünlük verdi.

Orta Asiya – Türküstan respublikaları ilə yaxınlaşdı; onları Çin və Rusiya təsirindən çıxartmaq xəttinə start verdi.

İranın aqressiv teokratik rejimini, onun proksi qüvvələrini əzdi, kiçiltdi; Tehranın islam inqilabı ekspansiyasını dayandırdı.

Düzdür, bunu İraqda, Suriyada, Livanda etdi. Amma dolayısı ilə bu ekspansiyanın digər vektorunu da vurmuş oldu: Qafqazda və öncəliklə Azərbaycanda islam inqilabı etmək istəyən molla rejimi o dərəcədə zəifləyib və gözdən düşüb ki, bir müddət bu cür avantürist iddiaları gerçəkləşdirə bilməyəcək, buna imkanı yoxdur.

İranın Yaxın Şərqdəki proksi güclərinin əzilməsi ilə Qafqazdakı, o cümlədən də Azərbaycandakı proksi gücləri zəifləyib, aktivliyini sıfırlayıb, qorxu və narahatlıq içindədir.
Tehranın, özəlliklə də anti-Azərbaycan qurumu olan SEPAH-ın vurulması, Tehran–Qum ekspansiyasına 20 ildən artıq rəhbərlik edən hərbi elitanın məhv edilməsi də Trampın işidir və İranın bütün qonşularının rahat nəfəs almasına səbəb olub.

O cümlədən də Rusiya ilə maraqlı fikirlər söyləmək mümkündür. Donald Tramp Putinlə danışıqda “Azərbaycanla Ermənistanı mən barışdırdım, sülh yaratdım, müharibəni bitirdim”, deyib. Putin də məcbur bu iddia ilə barışıb: “Sən bunu necə etdin, mən illərdir bunu edə bilmirdim”, deyib.
İkisinin arasındakı dialoqu haradanmı bilirik?

Tramp bunu ən azı 10 dəfə söyləyib. Hər yerdə və hər zaman deyir. Bununla da Putini və Rusiyanı Qafqazdakı sülh prosesindən çıxartmış olur. Artıq Rusiya “Ermənistanla Azərbaycan arasında sülhü biz yaratdıq, yekunu da biz etməliyik, qarantor dövlət biz olmalıyıq” iddiası göstərə bilmir, bilməz.

Azərbaycan prezidentinin olduqca ağıllı gedişi ilə ötən ilin 8 avqustunda Rusiya Qafqazdan qovuldu, özü də bu, Trampın Vaşinqtondakı kabinetində baş verdi. Paşinyan da orada idi...

10 noyabr 2020-ci il üçtərəfli anlaşması da getdi öz işinə. Zəngəzur dəhlizi də həm Rusiyanın, həm də İranın nəzarətindən çıxdı.

Yəni Tramp kimin nəyidir, bilmirəm, amma Prezident Əliyevin dostudur. O baxımdan, biz azərbaycanlıların hamısının dostudur!

Ukraynaya yanlışmı davranır, Zelenskini aşağılayırmı, Makronu “çumarit” eləyirmi, Danimarkanı əzirmi, Almaniyaya xox gəlirmi, İngiltərə ilə məzələnirmi, Putinlə oynayırmı — bunların hamısının bizə dəxli var: xəbər və bir az da əyləncə kimi (Ukrayna xaric, ona canımız yanır).

Amma Makrondan bizə nə!

Avropaya sitəm edən Tramp nə gözəl edir! Erməni dostu, türk-müsəlman düşməni Avropanı kimsə bir hizaya gətirirsə, nə yaxşı!

Dünyadakı indiki konfiqurasiya ABŞ prezidenti Trampı Türkiyə–Azərbaycan ittifaqına yaxınlaşdırıb, müttəfiq edib. Bu, böyük fürsətlər, imkanlar yaradır.

Qarşıda hələ qızıl 3 ilimiz var!

Hər şey olmasa da, bu müddətdə çox şey edəcəyik. Buna inanıram!

Dostumuzsan, Tramp!

Tehsil-press.az

Oxşar xəbərlər