BDU-nun rektoru BMT-nin Kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə komitəsinin iclasında çıxış edib

BDU-nun rektoru BMT-nin Kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə komitəsinin iclasında çıxış edib Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə komitəsinin (COPUOS) elm və texnika alt komitəsinin 57-ci sessiyasında iştirak edib.
İclasda “Bakı Dövlət Universiteti: elm, təhsil və innovasiya sahəsində əməkdaşlığın nailiyyətləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən rektor Bakı Dövlət Universitetinin 100 illik yubileyinin Təhsil Nazirliyi və BDU kollektivinin iştirakı ilə UNESKO-nun Parisdəki baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini bildirib.
Elçin Babayev Azərbaycanda kosmik hava, Günəş və Günəş-Yer əlaqələrinin fizikası üzrə elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq üzrə mövcud vəziyyət və perspektivlər haqqında təqdimat edib.
Tədbir çərçivəsində Bakı Dövlət Universitetində adıçəkilən sahələr üzrə elmi tədqiqat işlərinin aparılması və tələbə və doktorantlar sırasında kadr hazırlığının həyata keçirilməsi sahəsində potensial əməkdaşlıq imkanları da müzakirə olunub, NASA-nın səlahiyyətli nümayəndəsi Natçimuthuk Gopalsvami, ABŞ-ın Boston Kollecinin elmi-tədqiqat direktoru Patrisia Doherti və BMT-nin Xarici Kosmos İşləri üzrə Ofisinin layihə rəhbəri Şərafət Qədimova ilə danışıqlar aparılıb. “e-CALLİSTO” elmi cihazının, həmçinin “SOFİE” tədqiqat və təlim cihazının (Almaniya) BDU-da quraşdırılması və tədqiqat şəbəkəsinə qoşulması barədə razılıq əldə edilib.
Qeyd edək ki, 1959-cu ildə təsis edilmiş, BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan “COPUOS” kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və tədqiqatlara yardım edir. Beynəlxalq kosmik hüququn inkişafına töhfə verən “COPUOS” kosmik məkanın sülh məqsədləri ilə istifadəsi üzrə tədqiqatlarla əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir.

Tehsil-press.az

Oxşar xəbərlər