“Onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil edilsin”

“Onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil edilsin” “Xidmətlər zərfi kifayət qədər genişdir”.
Bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında gələn ilin dövlət büdcəsinə dair keçirilən müzakirələrdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. 
Onun sözlərinə görə, tələfata səbəb olan xəstəliklər xidmətlər zərfində yer almayıb: “Məsələn onkoloji xəstəliklər. Müzakirələr zamanı Zaur Əliyev (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri) qeyd etdi ki, ötən il qurum tərəfindən 200 milyon manata qənaət edilib. Biz Zaur müəllim və qurumla mütəmadi əlaqədəyik. Müzakirələr zamanı da onkoloji xəstələrin icbari tibbi sığorta üçün əhatə olunmasına da təqribən elə 200 milyon vəsaitin lazım olduğunu vurğulayıblar. Fürsətdən istifadə edərək Maliyyə Nazirliyindən xahiş edirəm ki, onkoloji xəstəliyin hökmən icbari tibbi sığorta ilə əhatə olunmasına öz köməkliyinizi göstərəsiniz. Onkoloji xəstəliklər də icbari tibbi sığorta zərfinə daxil edilsin”, - deyə Əhliman Əmiraslanov bildirib. 
O, həmçinin autizm xəstəliklərinin də icbari tibbi sığorta zərfinə daxil edilməsinin vacibliyini qeyd edib.
***
MM-in İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında deputat İlham Məmmədov da münasibət bildirib. O vurğulayıb ki, bu gün ölkədə fəaliyyət göstərən tibb müəssisələrində onkoloji xəstələrin kimyəvi terapiya vasitələrinin, onkoloji xəstəliklərin müalicəsi yaradılan infrastrukturla uğurla həyata keçirilir: “Sadəcə müəyyən məsrəflər var, artıq bu xəstəlik pandemiya kimi yayılıb. Statistik rəqəmləri müqayisə etsək bunu görə bilərik”.
***
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev müzakirə zamanı səsləndirilən təkliflərə fikir bildirib. O qeyd edib ki, gələcəkdə onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində həll olunması ilə bağlı Milli Onkologiya Mərkəzi ilə birgə işçi qrupu yaradılıb: “Hazırda həm onlardan, həm də bizdən bir nəfər ayrılıb ki, orada hansı xidmətlər hansı qiymətə aparılması analizini aparırlar. Bizə dəqiq hesablamalar lazımdır ki, bilək bu işin öhdəsindən gələ bilərik ya yox. İlkin olaraq ümumi hesablama ilə təxminən 200 milyon manat ətrafında rəqəmlər görünür. Amma bu rəqəmlər də hələ dəqiq deyil. Biz yalnız rəqəmlər dəqiqləşəndən sonra həmin xəstəliyin xidmətlər zərfinə sala bilərik ya yox. Auitizm xəstələrinin diaqnostikası icbari tibbi sığorta çərçivəsində qismən həll olunur. Müalicəsi məsələsinə gəlincə, bu məsələni araşdırıb yazılı şəkildə geridönüş edərik”.

Tehsil-press.az

Oxşar xəbərlər