Xaricdə magistratura təhsili almaq üçün nəyi bilmək lazımdır?

Xaricdə magistratura təhsili almaq üçün nəyi bilmək lazımdır? Bir müdrik “Hara gedəcəyini bilmirsənsə, hansı yoldan gedəcəyinin əhəmiyyəti yoxdur” demişdir. Bu məqam ali təhsilin magistratura səviyyəsi üzrə əcnəbi ölkələrə üz tutan gənclər üçün də olduqca aktualdır. Yekun hədəf olmadan kortəbii yanaşma ilə ali təhsil almaq, nəticədə özünü əmək bazarında uğursuzluq kimi büruzə verir. Bu baxımdan, ilk növbədə, magistraturanın mahiyyətini, növlərini və onun təkanverici fəlsəfəsini qavramaq və bunlara uyğun davranmaq vacibdir.
Bu fikirlər UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, dosent Xətai Alıyevin və Mərkəzin tədqiqatçısı Nicat Muradzadənin həmmüəllifi olduqları məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdım edir.
Magistratura xüsusi ali təhsil pilləsi olaraq, müəyyən ixtisaslar üzrə biliklərin dərinləşdirilməsinə xidmət edən, o cümlədən intensiv təlim-tədrisi ehtiva edən prosesdir. Təsadüfi deyil ki, “magistr" kəlməsi latın dilindəki “usta" mənasını verən “magister" sözündən yaranıb. Nəzəri və didaktik komponentlərin bölgüsünə görə magistraturanın "Master of Arts (MA)", "Master of Science (MSc)", "Master of Philosophy (MPhil)", "Master of Research (MRes)”, "Master of Business Administration (MBA)", "Master of Public Administration (MPA)", "Master of Education (MEd)", "Master of Medicine (MMed)”, "Master of Engineering (MEng)" və s. kimi növləri mövcuddur. Magistratura ölkədən asılı olaraq, didaktik komponent üzrə tələblərin icra olunması və dissertasiyaya komponentinin müvəffəqiyyətlə müdafiəsi ilə yekunlaşır. Bu baxımdan, magistratura üzrə təhsil almaq niyyətində olan şəxs gələcək karyera planlarını nəzərə alaraq mütləq müraciət edəcəyi magistratura proqramının növünün tələblərini aydınlaşdırmalıdır. Məsələn, daha çox nəzəriyyə mərkəzli hesab olunan "Master of Science (MSc)" ilə nisbətən praktiki xarakter daşıyan “Master of Arts (MA)” arasındakı elmi fərqlər müraciətçi tərəfindən detallı tədqiq olunmalıdır.
Magistratura müraciətlərində ilk addım universitetlərin təklif etdikləri ixtisas istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Bu mərhələdə internet resurslarında çoxsaylı magistratura platformaları (Məs: findamasters.com, mastersportal.com, masterstudies.com) müraciət niyyətində olan şəxslərin işini ciddi dərəcədə asanlaşdıra bilər. Hədəflər və prioritetlər müəyyənləşdirildikdən sonra hər bir universitet üzrə son tarixlər (“deadline”) və müraciət prosedurları öyrənilməlidir. Bu məlumatlar adətən müvafiq proqramların “Qəbul şərtləri" (“Entry requirements”) və ya “Necə müraciət etməli?” (“How to apply?”) hissələrində yerləşir.
Magistraturaya müraciət və sənədləşmə işi olduqca asan bir prosesdir. Əksər universitetlərin müraciətə dair hətta sosial şəbəkələrdə belə yayımladığı sadələşdirilmiş təlimatları (“guideline”) mövcud olur. Ümumi tələblər sırasına əsasən niyyət məktubu ("Letter of Motivation"), tövsiyə məktubları ("Letter of Recommendation"), tərcümeyi-hal (CV), qiymət ortalaması ("GPA") və standart imtahan nəticələri (IELTS, TOEFL, GRE, GMAT və s.) aiddir. Müraciətlər hər bir universitetin onlayn müraciət platformasına sənədlərin yüklənməsi ilə baş tutur.
Prosesin sadə olmasına baxmayaraq, son dövrlərdə təhsil şirkətlərinə üztutma tendensiyası vüsət alıb. Müraciət mərhələsində bu qəbildən olan şirkətlərlə əməkdaşlıq bir sıra qeyri-müəyyənliklərlə müşayiət olunur. Məhz bu amil nəzərə alınmalı və hansısa şirkətlə əməkdaşlığa qərar verməzdən öncə ciddi düşünülməlidir. Akademik göstəriciləri yüksək olanlar hər zaman fərdi müraciətə üstünlük verməlidirlər. Bu zaman müraciət olunan ali təhsil müəssisəsində təhsil alan həmyerlilərimizdən prosesə dair məlumat almaq da işin xeyrinədir. Əgər şirkətlə əməkdaşlıq qərarı qətidirsə, proses çox ciddi formada nəzarətdə saxlanılmalı, müraciətçi şirkətdən ardıcıl surətdə hesabatlılıq tələb etməlidir.
Müraciətlər zamanı mütləq maliyyələşmə məsələsi ölkələr üzrə nəzərə alınmalıdır. Təqaüdlər birbaşa müraciət olunan proqramla birlikdə, yaxud ayrı formada təklif oluna bilər. Bunun üçün də internet resurslarında axtarış verməklə təqaüd proqramlarını təklif edən platformaları (scholarshipdb.net, jobs.ac.uk, scholarshipportal.com) asanlıqla aydınlaşdırmaq mümkündür. Bəzi hallarda, elmi karyerada maraqlı olan müraciətçilər əsasən ABŞ və Böyük Britaniya universitetləri tərəfindən magistratura və doktorantura pillələrinin birlikdə 4-5 illik vahid bir proqram kimi təklif olunduğu “joint degree” proqramlarını da nəzərdən keçirə bilərlər.
Yekun mərhələdə diqqətdə saxlanılmalı digər məqam isə miqrasiya məsələsidir. Gediləcək ölkənin miqrasiya qanunvericiliyi diqqətlə nəzərdən keçirilməli, viza üçün müraciət olunmalıdır. Viza müraciətləri zamanı səfirliklərin xidmətlərini təklif edən şirkətlər müəyyənləşdirilməli, onların daxili tələbləri diqqətdə saxlanılmalıdır. Ümumiyyətlə, miqrasiya prosedurları üçün təqribən 3 aylıq əlavə bir müddət ayrılmalıdır.
Magistratura təhsili müddətində isə tələbələr onları kifayət qədər intensiv nəzəri və praktiki sessiyalarla müşayiət olunan təlim-tədris prosesinin gözlədiyini nəzərə almalıdırlar. Mümkün çatışmazlıqları aradan qaldırmaq üçün magistratura təhsilinə başlamazdan öncə qəbul olunan proqramlar üzrə universitetlərin tövsiyə etdiyi oxu materiallarının nəzərdən keçirilməsi əlahiddə əhəmiyyətə malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər