Bakıda taksilər kəskin bahalaşdı – Yeni qiymətlər

Bakıda taksilər kəskin bahalaşdı – Yeni qiymətlər Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, xüsusilə “Uber” və “Bolt”un son günlər minimal gedişhaqqını artırdığı bildirilir. Belə ki, artıq qısa məsafələr üçün “Uber”də minimum ödəniş 4 AZN, “Bolt”da isə 3,50 AZN təşkil edir. Halbuki bir müddət əvvəl ən yaxın ünvana sifarişin qiyməti 2,50 AZN idi. Bu dəyişiklik sosial şəbəkələrdə sərnişinlərin narazılığına səbəb olub.

Taksilərlə bağlı sabit və ədalətli tarif sistemi necə təmin edilə bilər?

Iqtisadçı Natiq Cəfərli deyib ki, taksi xidmətində qiymətləri dövlət tənzimləmir və bu sahə sərbəst bazar prinsiplərinə əsaslanmalı idi:

“Azərbaycanda uzun müddət regionun ən ucuz taksi xidmətləri mövcud idi. Lakin son illərdə dövlət tərəfindən avtomobillərə və digər məsələlərə dair əlavə tələblərin tətbiqi qiymətlərin yüksəlməsinə səbəb olub. Əslində, qiymətlərin sabit qalması üçün əsas mexanizm rəqabətdir. Ancaq tənzimləyici qaydaların sərtləşməsi nəticəsində bazarda rəqabət zəifləyib. Mövcud şəraitdə rəqabətli mühit təmin olunmasa, taksi xidmətlərinin qiymətlərində artımın davam etməsi mümkündür”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, məlum qiymət artımı insanların narahatlığına səbəb olub:

“Əsas sual bu artımın zəruriliyinə bağlıdır. Yəni iqtisadi baxımdan qiymətlərin qaldırılması nə dərəcədə səmərəli və əsaslıdır? Halbuki son dövrlərdə yanacaq qiymətləri ciddi dəyişməyib, buna baxmayaraq nəqliyyatda qiymət artımları bir neçə dəfə təkrar edilib.

Rəsmi açıqlamaya görə, artımın səbəbi nəqliyyat sektorunda keyfiyyətin yüksəldilməsi ilə bağlıdır. Yeni, sağlam və müasir nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və bu proseslərin maliyyələşdirilməsi əlavə vəsait tələb edir. Bundan başqa, sərnişin daşıyan şirkətlərin müəyyən xərcləri birbaşa gedişhaqlardan qarşılanır. Belə ki, toplanan vəsait şirkətlərin balansına yönləndirilir və xidmətlərin təmin olunmasına sərf edilir”.

Tehsil-press.az

Oxşar xəbərlər