Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan elmi-praktik seminar

Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan elmi-praktik seminar Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi, pedaqoq və görkəmli ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib.
Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Prezident İlham Əliyevin Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Bildirib ki, bu Sərəncam dövlət başçısının tariximizə, mədəniyyətimizə və ədəbiyyatımıza, görkəmli ədəbi-tarixi şəxsiyyətlərimizə xüsusi diqqət və qayğısının əməli ifadəsidir. Həbib Mirzəyev milli-mənəvi dəyərlərin aşılanması istiqamətində tədbirlərin keçirilməsinin AzTU-da artıq bir ənənəyə çevrildiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Seminarda Humanitar fənlər kafedrasının əməkdaşları professor Qabil Hüseynov, dosent Afaq Əsgərova və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Ədəbi dram verilişləri baş redaksiyasının baş redaktorunun müavini, siyasi repressiya qurbanlarının tədqiqatçısı Sevda Hüseyn çıxış edərək Əhməd Cavadı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik şəxsiyyətlərdən biri kimi xarakterizə ediblər. Bildirilib ki, Əhməd Cavad kimi ədiblərimiz hər zaman minnətdarlıqla xatırlanacaq.
Seminarda Əhməd Cavadın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra tələbələr Əhməd Cavadın şeirlərini söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər