Ukraynanın Azərbaycandakı Fəxri konsulluğunun reallaşdırdığı layihələr

Ukraynanın Azərbaycandakı Fəxri konsulluğunun reallaşdırdığı layihələr Artıq iki ildən çoxdur ki, fəaliyyət göstərən Ukraynanın Azərbaycandakı Fəxri konsulluğu bu müddət ərzində, Ukrayna – Azərbaycan əlaqələrinin inkişafı, humanitar, mədəni, təhsil və iqtisadi sahələrdə baş tutacaq layihələr həyata keçirərək, iki ölkə arasındakı münasibətlərdə yeni – aktiv dönəmin əsasını qoyub. Yeni mərhələ, ölkələrarası iqtisadi münasibətləri zənginləşdirməklə yanaşı, millətlərin yaxınlaşması üçün bir sıra sosial proqramların reallaşdırılmasına da təkan verib.
Ədalətsiz müharibə Ukrayna xalqını doğma diyarlarından didərgin saldı. Bu zamana qədər Azərbaycanda 3000-dən artıq ukraynalı yaşayırdısa, hazırda Azərbaycanı doğma vətən hesab edən ukraynalıların sayı artıb.
Müharibə zamanı Fəxri Konsulluğun birbaşa dəstəyi ilə həyata keçirilən təxliyə prosesi, ukraynalıların Azərbaycanda məskunlaşması və daha sonra onlarla bağlı xüsusi layihə və təşəbbüslərin reallaşdırılması, Ukrayna vətəndaşlarına hərtərəfli yardım, konsulluğun və onun nəzdində fəaliyyət göstərən “Ukrainian Center”in əsas prinsipi olub. Təxliyənin ilkin sistemləşdirilməsi, koordinatlaşdırma, insanların təhlükəsiz ərazilərlə daşınması, nəqliyyat təminatı, maddi və fiziki dəstək, birbaşa Konsulluğun nəzarəti ilə reallaşdırılan təxliyə prosesi Ukraynanın Azərbaycandakı Səfirliyinin xətti ilə “Ukrainian Center” dən idarə olunurdu. Azərbaycana təxliyə olunan istər ukraynalı qaçqınlar, istərsə də, Ukraynada yaşayan digər millətlər üçün psixoloji dəstəyin, yaşayış üçün ilkin şərtlərin təmin olunması, ilk günlər üçün maddi və mənəvi dəstək təminatı, mərkəzdə keçirilən “Açıq qapı günü”, onların Azərbaycanda qarşılaşdıqları və onları narahat edən durumlarda hüquqi dəstək göstərilməsi, “Müharibənin izlərini bərabər silək...” sloqanı ilə reallaşdırılan müxtəlif aktivliklər, və bu işdə dəstək olan Azərbaycan KİV-i, müxtəlif şirkətlərin layihəyə cəlb olunması Fəxri Konsulluğun birbaşa kurasiyasında idi.
Azərbaycan Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyevin ADA Universitetində çıxışı Ukrayna mətbuatında xüsusi yer alıb: “Ukrayna heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə razılaşmamalıdır. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir. ”
2022-ci ilin mart ayından etibarən, Mərkəzdə daimi olaraq BMT, UNESCO və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri və rəhbər şəxsləri ilə görüşlər təşkil edilib, hər bir ukraynalının probleminə həssaslıq göstərilib.
Bu yaxınlarda isə, Azərbaycan Təhsil Nazirliyi ilə aparılan danışıqlar zamanı, Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalı uşaqların təhsil alma, yerləşdirmə məsələlərinə aydınlıq gətirilib, Ukrayna icmasına təqdim olunub.
“Ukrainian Center” 2022-ci il ərzində də fəaliyyətini ölkələr arasında mədəni, təhsil, iqtisadi, strateji əlaqələrin inkişafına daha çox töhfə verməyə yönəltsə də, hazırki hadisələr bu strategiyaya təsirsiz ötüşməyib.
Öncə məqsəd hər iki ölkə vətəndaşlarının daha çox məlumat və təklif almasına yardım etməkdən ibarət idisə, hazırda, həm də sosial layihələr reallaşdırmağa yönəlib.
Ötən il “Ukrainian Center”in reallaşdırdığı layihələr arasında Ukraynanın birinci xanımı Olena Zelenskayanın Azərbaycana rəsmi səfəri zamanı qoyulan tapşırıqlardan biri olan Audiogid layihəsidir ki, bu da Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu tərəfindən reallaşdırılıb. Layihə artıq Azərbaycan İncəsənət Muzeyi və Qobustan Milli Parkında istifadəyə verilib.
“Ukrainian Center”, bu ilin sentyabr ayının 29-da, Ukraynanın Azərbaycandakı səfiri Vladislav #Kanevski və Polşanın Azərbaycandakı səfiri Rafat #Poborski nin təşkil etdiyi “Mom, I don”t want war!” şüarı adı altında dünyanın bir çox ölkələrində keçirilən sərginin bir hissəsinə də ev sahibliyi edib. Sərgi, Ukraynaya dəstək və müharibələrə son qoymaq, sağlam və təhlükəsiz gələcək üçün birgə mübarizəni təcəssüm etdirir.
Həmçinin, bu ilin noyabr ayının 18-də “Ukrainian Center”də Azərbaycanda müvəqqəti məskunlaşan urkaynalılar üçün seminar keçirilib. Hüquqi, miqrasiya, təhsil və bir sıra sosial məsələlərlə bağlı sualların cavablandırılması məqsədilə təşkil olunan seminarda bir sıra beynəlxalq təşkilatların kontraktorları və rəsmiləri iştirak edib. Qeyd edək ki, “Ukrainian Center” bu tip seminarlar üçün ev sahibliyi etməyə davam edəcək.
Ukraynanın Azərbaycanda fəaliyyət göstərən Fəxri Konsulluğunun növbəti il üçün reallaşdırılması nəzərdə tutulan layihələr sırasında ilk yerdə “Ukrainian Center” in nəzdində “Education Lab” linqvistik mərkəzin açılması durur. Bu linqvistik mərkəzin nəinki Azərbaycanda məskunlaşan ukraynalılar üçün, eyni zamanda Ukraynanın Ali təhsil ocaqlarında təhsil almaq istəyən digər ölkə vətəndaşları üçün xaricdə təhsil və karyera planlamasının ilkin şərti olan dil bacarıqlarının inkişafı və sertifikatlaşdırılması ilə məşğul olması nəzərdə tutulur.
Ukraynın mötəbər ali təhsil ocaqları ilə ikitərəfli memorandumlar ( Müharibədən öncə, “Ukrainian Center” Taras Şevçenko adına Kiyev Milli Universiteti, Kiyev Politexnik Universiteti, Xarkov Milli Radioelektronika Universiteti, Karazin adinaXarkov Universiteti ilə qarşılıqlı əlaqələr üçün) imzalanıb.
Həmçinin, Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun Xarici magistr proqramının Bakı Ali Neft Məktəbində həyata keçirilməsi də planlaşdırılır. Hazırda Ukraynadakı hərbi vəziyyətlə əlaqədar olaraq, ”Ukrainian Center” Taras Şevçenko adına Kiyev Milli Universiteti üçün onlayn tələbə qəbulu prosesinə də nəzarət funksiyasını üzərinə götürüb. İmtahanlar, Ali məktəbin professorlarının və ixtisas müəllimlərinin iştirakı və “Ukrainan Center”in təhsil üzrə kuratorunun nəzarəti ilə hibrid formada təşkil edilir.

Tehsil-press.az

Oxşar xəbərlər