BDU Taras Şevçenko adına Kiyev Milli Universiteti ilə əməkdaşlıq edəcək

BDU Taras Şevçenko adına Kiyev Milli Universiteti ilə əməkdaşlıq edəcək Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Vladimir Buqrov Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə rektor Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlığından, dünyanın aparıcı ölkələrinin universitetləri, o cümlədən Ukrayna universitetləri ilə ikitərəfli əlaqələrindən danışıb. Rektor ölkələr arasında getdikcə daha da artan əməkdaşlığın bütün fəaliyyət sahələrində olduğu kimi, elm, təhsil sahəsində də yüksək səviyyədə olduğunu qeyd edib.
Vladimir Buqrov iki ölkə arasında elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonra universitetlər arasında anlaşma memorandumu imzalanıb. Sənədi Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Kiyev Milli Universitetinin rektoru Vladimir Buqrov imzalayıblar.
Memorandumda universitetlər arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat sahəsində birgə əməkdaşlığın qurulması, konfransların, sərgilərin, simpoziumların, təlimlərin təşkili və s. nəzərdə tutulur.
Taras Şevçenko adına Kiyev Milli Universiteti çoxsahəli elm və təhsil kompleksidir. Onun bazasında 14 humanitar və təbiət elmləri istiqamətli fakültə və 7 tədris institutu fəaliyyət göstərir. Universitetdə təxminən 27 min tələbə təhsil alır.

Tehsil-press.az

Oxşar xəbərlər