Dünyanın ən yaxşı elm, təhsil mərkəzlərində

Dünyanın ən yaxşı elm, təhsil mərkəzlərində ABŞ-ın ən yaxşı universitetləri
Böyük Britaniyanın “QS World University Rankings” nəşrinin dünyanın ən yaxşı universitetlərinin 2023-cü il üzrə dünya sıralamasında ABŞ-ın 202 ali təhsil müəssisəsi yer alıb. Amerikanın Massaçusets Texnologiya İnstitutu isə artıq 11-ci ildir ki, qlobal reytinqə başçılıq edir. “Dünyanın ən yaxşı universitetləri ” və “ən yaxşı tədqiqat universitetləri” hansılardır sualına cavab QS-in təqdim etdiyimiz sıralmasındadır. Nəzərə alsaq ki, 2022-ci il üzrə ayrı-ayrı elm sahələri üzrə Nobel mükafatına layiq görülmüş 11 laureatdan 6-sı bu universitetlərin payına düşür, dünyada ən yaxşı elm, təhsil mərkəzlərinin harada olması və ən inqilabi kəşflərin harada baş verməsi sualına da cavab bu sıralamadadır. Aşağıdakı cədvəl Amerika universitetlərinin milli reytinqdəki yerini əks etdirir. Reytinqin ilk 10-luğunda aşağıdakı universitetlər yer alıb.
1. Massaçusets Texnologiya İnstitutu (MIT)
“QS World University Rankings 2023” dünya reytinqinə başçılıq edən MIT həm də milli universitetlərin siyahısına rəhbərlik edir. Massaçusets ştatının Kembric şəhərində yerləşən MIT fizika elmləri və mühəndislik ixtisasları ilə tanınır, lakin sosial elmlər, incəsənət və humanitar elmlərdə də getdikcə nüfuz qazanan ali təhsil müəssisəsidir.
2. Stanford Universiteti
“QS World University Rankings 2023” dünya reytinqində 3-cü olan Stanford Universiteti milli reytinqdə 2-ci yerdədir. Məşhur Silikon Vadisinin mərkəzində yerləşən Universitet xüsusilə biznes kursları ilə tanınır, görkəmli sahibkarlarla zəngin olan icması ilə ən yüksək mövqeyə sahibdir.
3. Harvard Universiteti
“QS World University Rankings 2023” dünya reytinqində 5-ci yerdə olan Harvard ABŞ milli universitetlərinin “üç”lüyünə daxildir. Harvard 1636-cı ilə qədər qeydiyyatdan keçmiş ABŞ-ın ən qədim universitetidir.
4. Kaliforniya Texnologiya İnstitutu (Caltech)
“QS World University Rankings 2023” dünya reytinqində 6-cı yerdə olan Caltech milli reytinqdə 4-cüdür. Caltech xüsusən də elmi və texniki fənlər üzrə üstünlüyünü davam etdirir.
5. Çikaqo Universiteti
Dünya reytinqində 10-cu yerdə olan Universitet milli sıralamada 5-cidir. Çikaqo Universiteti 89 Nobel Mükafatı laureatı ilə əlaqəlidir və onun fizika fakültəsi isə dünyada ilk texnogen, özünü dəstəkləyən nüvə reaksiyasının hazırlandığı yer kimi tanınır.
6. Pensilvaniya Universiteti
Dünya reytinqində 13-cü yerdə olan Universitet bu il milli reytinqdə 6-cıdır. Filadelfiyada yerləşən, dünyanın ən yaxşı tibb bacısı məktəblərinin reytinqinə rəhbərlik edən ali məktəb həyat elmləri və tibb sahəsində yüksək dərəcədə tanınan elm, təhsil qurumlarından biridir.
7. Prinston Universiteti
Dünya reytinqində 16-cı yerdə olan ali məktəb milli reytinqdə 7-ci sırada qərarlaşıb. Bu, ABŞ-ın ən qədim universitetlərindən biridir, xüsusi olaraq riyaziyyat üzrə akademik mükəmməlliyi ilə tanınır.
8. Yale Universiteti
QS dünya reytinqində 18-ci yerdə olan Yale Universiteti milli sıralamada 8-cidir. Universitet 1701-ci ildə ingilis puritanları tərəfindən təsis edilib və ABŞ-ın üçüncü ən qədim ali təhsil müəssisəsidir. Xüsusilə tərcümə, tibb və tədqiqatlar sahəsində akademik mükəmməlliyi ilə məşhurdur.
9. Kornel Universiteti
Nyu-Yorkun İtaka şəhərində yerləşən özəl Universitet dünya reytinqində 20-ci, milli sıralamada 9-cu yerdədir. Məzunlarının hazırlıq və işlə təmin olunma səviyyəsinə görə ən yaxşı ali təhsil müəssisələrindən hesab olunur.
10. Kolumbiya Universiteti
QS-in dünya sıralamasında 22-ci yerdə olan Universitet milli reytinqdə 10-cu mövqedədir. 1754-cü ildə qurulan ali məktəb tədqiqat universitetidir. O, Böyük Britaniya kralı II George tərəfindən Kral Kolleci kimi yaradılmış və 1784-cü ildə Kolumbiya Kolleci adlandırılmışdır.

Tehsil-press.az


Oxşar xəbərlər