Təhsil İdarəsi “Bilim Bakı” Mərkəzi ilə əməkdaşlığa başlayır

Təhsil İdarəsi “Bilim Bakı” Mərkəzi ilə əməkdaşlığa başlayır Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “Bilim Bakı” Mərkəzi arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc nəslin elm, innovasiya və texnologiya sahəsində XXI əsr bacarıqlarına yiyələnmək imkanlarını artıran “Bilim Bakı” Mərkəzi ilə davamlı və məqsədyönlü əməkdaşlığın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, mərkəzdəki məktəblərlə yanaşı, şəhərətrafı qəsəbələrdə yerləşən məktəblər də bu imkandan faydalanmalıdır. O, layihə əsaslı, həyati bacarıqların inkişafına təkan verən və şagirdlərə yeni dövrün çağırışları ilə ayaqlaşmaq vərdişləri aşılayan mərkəzin təlim proqramlarına cəlb olunacaq uşaqların yaradıcı işlərindən ibarət sərgilərin təşkilini məqsədəuyğun hesab edib.
Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində məktəblilərin mərkəzə cəlb olunması üçün hər cür dəstək verməyə hazır olduqlarını söyləyib, bu istiqamətdə bütün təhsilalanlar və məktəblər üçün bərabər imkanların yaradılmasının vacibliyindən danışıb.
Çıxış edənlər “Bilim Bakı” Mərkəzinin müasir bacarıqlara malik şagirdlərin hazırlanması və istedadlı uşaqların aşkara çıxarılması işinə böyük töhfələr verəcəyinə inandıqlarını bildirib, bu istiqamətdə əməkdaşlığı yüksək qiymətləndiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər