Tahir Kərimli: “Azərbaycan Rusiyanın heç də yanında deyil, sadəcə, Rusiya doğru qeyd edir ki…”

Tahir Kərimli: “Azərbaycan Rusiyanın heç də yanında deyil, sadəcə, Rusiya doğru qeyd edir ki…” “Təbii ki, Rusiya Avropa İttifaqının Ermənistana missiya göndərməsindən narahatdır və açıq şəkildə artıq etiraf edir ki, bu, Rusiyanın bölgədən çıxarılması istəyindən başqa bir şey deyil. İndiki halda Azərbaycan Rusiyanın heç də yanında deyil, sadəcə, Rusiya doğru qeyd edir ki, həqiqətən Avropa İttifaqının missiyası mülki xarakter daşımır. Çünki hər kəsin əlində artıq məlumatlar var ki, Fransa jandarmeriyası, Almaniya polisi artıq gəlib birbaşa sərhədlərdə yerləşiblər. Şübhəsiz ki, xeyli kəşfiyyat orqanlarının nümayəndələri də orda var. Rusiya da şübhəsini bildirib. İndiki halda Rusiyanın bu mövqeyi Azərbaycan üçün faydalıdır. Məhz Rusiyanın fəaliyyəti nəticəsində Azərbaycan torpaqlarında Ermənistan dövləti yaranıb, Qarabağ kimi münaqişə ocağının başlanğıcı qoyulub. Azərbaycan dövlətinin öz maraqları var. Azərbaycan Prezidenti cənab İlham Əliyev Münxendə də konkret bildirdi ki, kim Ermənistanla Azərbaycan arasında sülhü təmin etməyə nail olsa, çempion da o olacaq. Bizim üçün maraqlı olan dövlət mənafelərimizin, suverenliyimizin tam təmin edilməsi, sərhədlərimizin delimitasiyası, Ermənistanla Azərbaycan asrasında Laçın dəhlizinin çıxışında postun qoyulmasıdır. Bunu Azərbaycan Prezidenti dilə gətirdi...”
Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli Avropa İttifaqının missiyasının Ermənistana yerləşdirilməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından danışarkən deyib.
Deputat bildirib ki, Fransa və Almaniya açıq-aşkar Ermənistanın tərəfini saxlayır: “Qarabağın “status”unun müəyyən olunmasını istəyir, Ermənistan-Azərbaycan danışıqlarında Qarabağın Azərbaycanın daxili işi olduğunu demirlər. İstəyirlər ki, bu da müzakirə obyekti olsun. Halbuki Qarabağ Azərbaycanın daxili işidir. Rusiyanın marağı ilə Azərbaycanın marağı, hardasa, üst-üstə düşür. Amma bu, o demək deyil ki, Azərbaycan Rusiyanın yanındadır, yaxud Azərbaycan Rusiyanın istədiyini deyir. Məsələ başqadır. Rusiya Azərbaycanın istədiyini deyir. Belə yanaşmaq lazımdır. Rusiya Azərbaycanın istədiyi kimi hərəkət edir. İndiki zaman kəsiyində bu, Azərbaycan üçün faydalıdır. Rusiyanın Qafqaz bölgəsindən sıxışdırılıb çıxarılması narahatlığı Rusiyanın Avropa və Qərblə arasında olan məsələdir. Bizə isə lazım olan suverenliyimizin təmin olunmasıdır”.
T.Kərimli deyib ki, Qərb də ciddi şəkildə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasını ləngidən əsas faktorlardan biridir: “Ruslar demişkən, “şaltay-baltay” vururlar. Bir yandan Avropa İttifaqı istəyir ki, Ermənistan və Azərbaycan arasında ikitərəfli, hətta Gürcüstanın iştirakı ilə üçtərəfli görüşlər görüşlər olsun, Qarabağ Azərbaycanın daxili işi kimi qeyd olunsun. Yəni Qərbdə belə müsbət çalarlar var. Digər tərəfdən də Ermənistanın mənafeyinin birtərəfli şəkildə müdafiə olunması, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmaması ikili standartlardan xəbər verir. Ona görə də Azərbaycan doğru olan, milli mənafeyinə uyğun siyasət yürütməkdə haqlıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər