ABŞ səfirliyi Jurnalistika üzrə magistr proqramını elan edir

ABŞ səfirliyi Jurnalistika üzrə magistr proqramını elan edir ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulunu elan edir.
Proqram üzrə dərslər ABŞ və Avropa universitetlərindən səfər edən müəllimlər və qərb təhsilli gürcü professorlar tərəfindən aparılacaq. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən bu proqramın ümumilikdə məqsədi Qafqazda medianın gücləndirilməsidir.
Beş nəfərədək azərbaycanlı namizədin 2023-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir. Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilərlər. Tələbələr 2023-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GIPA-da oxuyacaqlar. 2025-ci ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal”ın həm çap, həm də internet versiyasını hazırlayacaq və GIPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar. GIPA tələbələri “Erasmus+” mübadilə proqramlarında iştirak etmək və müxtəlif Avropa universitetlərində bir semestr təhsili üçün maliyyə almaq hüququna malikdirlər.
Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.
Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.
ABŞ-nin ölkəmizdəki səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.
Qaliblər Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək. Sənədlər 2023-cü il aprelin 30-dək qəbul olunacaq.
Əlavə məlumat üçün GIPA proqramının yerli koordinatoru Mehdi Hüseynquluyev ilə əlaqə saxlamaq olar: e-mail: [email protected].
Nəzərə alınmalıdır ki, e-poçtdakı mövzu sətrində “GIPA-2023 Documents” yazılmalıdır.
GIPA proqramına tələb olunan sənədlərin siyahısı:
1. Ərizə forması
2. Tövsiyə məktubları
3. Təhsil məqsədləri haqqında bəyanat
4. Diplomların surəti
5. Diplom əlavələri
6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti
2022-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar universiteti bitirdiklərini təsdiq edən müvəqqəti sənəd/arayış təqdim edib proqramda iştirak edə bilərlər. Onların 2023-cü il avqustun 1-dək diplomlarını qəbul komissiyasına təqdim etməsi şərtdir.
GIPA Jurnalistika üzrə magistr proqramının ərizə formasının linki:
https://drive.google.com/file/d/1LbG4xgC2aNNrv1axgjy7O-nvF4N-Kb9h/view?usp=sharing
Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai Əlaqələr İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək məqsədilə yüksəkixtisaslı ictimai qulluqçular və jurnalistlər yetişdirən institutdur.
Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. İnstitutun prinsiplərinə əsasən dəqiq və qərəzsiz xəbərin çatdırılması ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər