AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq iclasın gündəliyi barədə məlumat verib.
Arif Həşimov Elm Günü münasibətilə AMEA-nın əməkdaşlarına akademiyanın fəxri fərmanlarını təqdim edib.
İclasda AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Rəyasət Heyəti aparatının elmi katiblərinin iş təcrübəsinə görə fərqləndirilməsini təklif edib.
Akademik Arif Həşimov qeyd olunan təklifin baxılması məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının Maliyyə və Hüquq şöbələrinin müdirlərinə tapşırıqlarını verib.
Tədbirdə, həmçinin bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub və AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin 75 illik yubileyi münasibətilə qərar qəbul edilib.
Müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın aprelin 27-də keçirilmiş Ümumi yığıncağının və onun davamı olaraq elmi bölmə yığıncaqlarının yekunları haqqında olub. Mövzu ilə bağlı çıxış edən akademik Arif Həşimov AMEA-nın 6 elmi bölməsinin həqiqi və müxbir üzvləri ilə son bir neçə gündə görüşlər keçirildiyini, mövcud problemlərin dinlənildiyini, eləcə də akademiyanın hazırkı potensialından istifadə etməklə gələcək fəaliyyət planının və yol xəritəsinin müəyyənləşdirilməsinə dair təkliflər qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, bütün təkliflər bölmələrin elmi katiblərinin iştirakı əsasında nəzərdən keçirilərək ümumiləşdiriləcək və aprelin 27-də keçirilmiş Ümumi yığıncağının qərar layihəsində əksini tapacaq.
Məsələ ilə bağlı Rəyasət Heyətinin üzvləri akademiklər İsa Həbibbəyli, Rasim Əliquliyev, İradə Hüseynova, Adil Qəribov, Fikrət Əliyev, İsmayıl Hacıyev və Fuad Əliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra Rəyasət Heyəti AMEA-nın Ümumi yığıncağının yekunları haqqında qərar qəbul edib.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetməsinin təkmilləşdirilməsi məqsədilə komissiya yaradılıb.
İclasda, həmçinin akademik İradə Hüseynova mayın 20-də Biologiya və Tibb Elmləri Bölməsinin və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində, Qarabağ Elmi Tədqiqat Bazasında keçiriləcək növbəti tarla seminarı haqqında məlumat verib. Qeyd edib ki, sözügedən tədbir ölkə başçısının çağırışlarından irəli gələrək respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində, mədəni bitkilərin yeni sortlarının yaradılması və tətbiqində, eləcə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin üzvlərinin də sözügedən tədbirdə iştirakı qərara alınıb.
Daha sonra AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri akademik Rasim Əliquliyev mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə akademiyanın elmi müəssisə və təşkilatlarının iştirakına hazırlıqla bağlı məlumat verib. Akademik festivalın AMEA-nın nüfuzu üçün geniş imkanlar açdığını bildirib, hazırlıq işləri, eləcə də sərgilənəcək elmi nailiyyətlərlə bağlı mütəmadi olaraq AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsi tərəfindən reportajların, müsahibələrin hazırlanaraq KİV-də yayımının həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, festivalın digər müəssisələr, həmçinin AMEA üçün ayrılmış pavilyonu mayın 16-dan 24-dək sərgilərin hazırlanması məqsədilə iştirakçıların ixtiyarına veriləcək.
İclasda AMEA-nın festivalda yüksək səviyyədə iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib, həmçinin Rəyasət Heyətinin üzvlərinin festivala qatılması qərara alınıb.
Sonda çıxış edən akademik Arif Həşimov bir sıra məsələlərə toxunub, müəssisələrin Elmi şuralarında təsdiqlənmiş dissertasiya mövzularının adlarının problem şuralarında müzakirəsi ilə bağlı müvafiq addımların atılmasının, eləcə də respublikadakı elmi tədqiqatların koordinasiyasının gücləndirilməsinin vacibliyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər