Azər Paşa Nemətov dəfn olundu

Azər Paşa Nemətov dəfn olundu Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi keçirilir.
Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri və bir sıra tanınmışlar, həmçinin Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edirlər.
Qeyd edək ki, mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında ürəktutmadan vəfat edib.
***
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Azər Paşa Nemətovla bağlı xatirələrini bölüşüb: “Azər Paşa yaxın dostum idi. 20 il idi ki, bir yerdə çalışırdıq. Hər tamaşanı hazırlayanda mənə zəng edib deyirdi ki, gəl musiqi sənlikdir. Azər Paşa ilə çox tamaşalarda işbirliyimiz oldu. Teatrda çox böyük yeniliklər etdi. Azərbaycan mədəniyyətinə böyük töhfələr verdi. Onu teatrın generalı hesab edirəm. Səhhətindən bir az narahat idi. Müəyyən problemləri var idi. İndi rahatdır”.
***
Xalq artisti Rasim Balayev də Azər Paşa Nemətovun vida mərasimində iştirak edib.
R.Balayev Xalq artisti ilə bağlı keçmişdə danışmağın çox çətin olduğunu bildirib: “Çox çətindir mənə danışmaq. Biz universitetdə bir yerdə oxumuşuq, gözəl münasibətlərimiz olub. Biz həmişə bir-birimizin uğurlarına sevinmişik. Bu yaxınlarda görüşmüşdük. Azər Paşa özü xəstə idi, amma bununla belə mənə deyirdi ki, gəl səni əməliyyat etdirim. Çox nikbin adam idi, hamını yola verirdi, hamını diqqətdə saxlayırdı, aktyorların əməyini qiymətləndirirdi. Arzuları çox idi. Təəssüf ki, arzularının gerçəkləşməsi haqqında fikirləşdiyi bir vaxtda, aramızdan getdi. Azər Paşanın vəfatı Azərbaycan sənəti üçün böyük itkidir”.
***
Xalq artisti Məleykə Əsədova mərhum sənətçinin ölümündən 1 gün əvvəl elə bil hamı ilə vidalaşdığını bildirib:
“Axrıncı baxdığı tamaşa “Cəhənnəm sakinləri” oldu. Orada mən, Nurəddin Mehdixanlı və Elşən Rüstəmov oynayır. Tamaşadan əvvəl gəlib mənimlə görüşdü. Baş rolu oynadığım üçün həmişə mənimlə görüşürdü. Axırıncı dəfə bizi alqşladı. Tamaşa bitəndən sonra bizə o qədər gözəl sözlər dedi ki... Həmişə deyirdi. Mənə dedi ki, “Çox sağ ol, Məleykə. Səndən bir aktrisa kimi o qədər razıyam ki...” Mən də dedim ki, “Azər müəllim, elə danışırsan ki, sən hələ nələr görəcəksən, nə qədər tamaşalar hazırlayacağıq”. Mənə “Özündən, qızından muğayət ol”,- dedi.
Həmin gün çox yaxşı görünürdü. Həmişəki kimi formada idi. Uşaq kimi idi. Tamaşaların sonunda gözü dolurdu, ağlayırdı. Məşqlər zamanında da ağlayırdı, kövrəlirdi. Azər Paşa Nemətov ikinci dəfə gəlməyəcək. Çox böyük rejissor idi. Teatr dünyası üçün çox böyük itkidir”.
***
Azər Paşa Nemətovla vida mərasimi başa çatıb.
Xalq artisti son mənzilə yola salınır. O, atasının, görkəmli rejissor, əməkdar incəsənət xadimi Zəfər Nemətovun yanında dəfn edilir.
***
Azər Paşa Nemətov II Fəxri xiyabanda torpağa tapşırılıb.



Tehsil-press.az



Oxşar xəbərlər