Alman mediası Çin məsələsində Makronla Avropa Komissiyası arasında fikir ayrılığı barədə yazır

Alman mediası Çin məsələsində Makronla Avropa Komissiyası arasında fikir ayrılığı barədə yazır Alman mətbuatının monitorinqi Çinlə münasibətlərin qurulması taktikası ilə bağlı Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında fikir ayrılığını üzə çıxarır. Bu siyasətçilərin hər ikisi Avropanın Çinlə danışıqları davam etdirməsi tərəfdarı olsalar da, bununla bağlı mövqelərdə ciddi fərqlə mövcuddur. Bu məsələdə məhz Makron daha çox tənqidə məruz qalır. Məsələn, o, Çinin Ukrayna münaqişəsinin həllinə dair təklif etdiyi sənədi “maraqlı plan” hesab edir, eyni zamanda, Ursula Fon der Lyayen onu “sadəcə həyati əhəmiyyəti olmayan” təklif kimi rədd edir. Bu məsələdə həm ictimai rəy, həm də Avropa KİV-lərinin əksəriyyəti Avropa Komissiyasının Prezidentinin tərəfindədir.
Ursula Fon der Lyayen riskləri azaltmaq naminə Çindən iqtisadi asılılıq barədə xəbərdarlıq edir, Fransa Prezidenti isə biznesi genişləndirmək tərəfdarıdır. Əgər sonuncunun təyyarəsi böyük yanacaq sərfi ilə Pekin aeroportuna enibsə, Fon der Lyayen vergiödəyicilərinə hörmət əlaməti olaraq və Çin liderinin qarşısında qürrələnməyi üstün tutmayaraq qənaətlə uçmağı üstün tutur.
Çinin dövlət mətbuatı makronun səfərindən ağızdolusu bəhs edir, Fon der Lyayeni isə demək olar ki, yada salmır. Bunu anlamaq mümkündür, fransız lider Pekinin xoşuna gəlməyə çalışır. Makron Avropa Komissiyasının Prezidentini onun dövlət və partiya lideri Si Cinpin ilə danışıqlarında iştirak etməyə dəvət edib. Bir çoxları bunu “yaxşı və pis polis” bölgüsü prinsipinə uyğun əsaslandırmağa çalışır. Bu taktika bir çox hallarda perspektivli sayılsa da, o, Çin üçün Avropanın bölünməsi prosesini nümayiş etdirir. Pekin “köhnə qitə” ölkələrini öz məqsədləri üçün bir-birinin üzərinə salmağı bacarır. Bununla belə, alman mətbuatının yazdığına görə, Makron “yaxşı polis” rolunu oynaya bilmir.
Pekin indi avropalılar və amerikalılar arasında təzad yaratmaq məqsədilə öz cazibəsindən istifadə edir. Fon der Lyayen Çinin bu cür cəhdlərini rədd edib: “Transatlantik əlaqələri güclüdür və onilliklər boyu etimad və dərin dostluq münasibətlərinə əsaslanır”.
Makron isə, digər tərəfdən, xüsusi diqqətlə mükafatlandırılıb. Si Cinpin onunla iki dəfə - Pekində və Cənubi Çin meqapolisi olan Quançjouda görüşüb. Onlar ümumilikdə saatlarla söhbət ediblər. Bu, artıq Avropa İttifaqının daxilində tənqidlə qarşılanıb. Beləliklə, Makron Brüsseldə çoxlarını narazı salıb. Bir çoxları onu uyğur və tibetlilərin təqibini gündəmə gətirmədiyi və demokratik Tayvanın ünvanına təhdidləri xatırlatmadığına görə tənqid edirlər. Uyğurlarla bağlı məsələ aydındır – Makron qatı türkofobdur. Lakin onun demokratik Tayvanın ünvanına edilən təhdidlərə göz yumması hətta Fransanın özündə də böyük narazılıq doğurub.
“Welt" nəşri yazır. “Ola bilər ki, Makron Fransanın maraqlarından çıxış edir, ancaq Avropa Komissiyasının Prezidenti bütün Avropa İttifaqı üçün yeni Çin strategiyası üzərində çalışır”. “Alman dalğası” isə qeyd edir ki, Çin baş verə biləcək proseslərdən çox narahatdır. Təkcə Brüsseldə deyil, həm də Berlində yeni məxsusi Çin strategiyası üzərində iş gedir. Parçalanmağı deyil, risklərin minimuma endirilməsi və daha sərt xətt aparılmasını nəzərdə tutan bu strategiya dönüş nöqtəsi olacaq.
Makronun səfəri daha çox adi biznes səyahətinə bənzəyirdi, xüsusən “Airbus” və digər iri kompaniyalar köhnə qaydada kontraktlar imzalayırdı. Təyyarə istehsalçısı Çinin Tyantszin şəhərində yerləşən zavodunda ikinci yığma xəttini inşa edəcək. Makron, həmçinin Aİ ilə investisiya sazişini yeniləmək niyyətindən danışıb. Bu sənəd üç il əvvəl Çinin Aİ parlamentarilərinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra dayandırılıb. Fon der Lyayen və Aİ-nin Pekindəki diplomatları isə həmin sazişin çoxdan köhnəldiyini bildiriblər.
Beləliklə, Fransa-Avropa duetinin Pekinə səfəri Makronun ünvanına tamamilə haqlı tənqidlər doğurub. Görünən odur ki, “Monomaxın papağı” onun başı üçün çox ağır olub. Onun heç bir məsələdə vasitəçiliyi alınmır. Bu, Ermənistan-Azərbaycan danışıqlarında da, Aİ-nin Çinlə münasibətlərində də özünü göstərir.
Doğru deyiblər: “Qaş düzəltdiyi yerdə göz çıxarır”.

Tehsil-press.az



Oxşar xəbərlər