BANM-də Şotlandiya şairinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

BANM-də Şotlandiya şairinə həsr olunmuş şeir müsabiqəsi keçirilib SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) İngilis dili və humanitar fənlər mərkəzinin (Foundation) tələbələri arasında görkəmli Şotlandiya şairi Robert Börnsə həsr olunmuş ingilis dilində şeir müsabiqəsi keçirilib.
Tələbələrin çox böyük həvəslə bu müsabiqəyə qatıldıqlarını qeyd edən BANM-in rektoru Elmar Qasımov onların mədəni və sosial layihələrdə fəal iştirak etdiklərini bildirib. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM-in uzunmüddətli əməkdaşlığını xatırladan E.Qasımov Robert Börnsə həsr olunmuş şeir müsabiqəsinin keçirilməsinin təsadüfi olmadığını vurğulayıb: “Robert Börns Şotlandiya xalqının qəhrəmanı, milli qüruru, xalq şairidir. Onun anadan olduğu gün Şotlandiyada milli bayram kimi qeyd edilir. O, 37 illik həyatını Şotlandiyanın folkloru, tarixi, milli adət-ənənələri haqqında məlumat toplamağa həsr edib. Biz də daim tələbələrimizə milli dəyərlərə sahib çıxmağı, onu qorumağı və gələcək nəsillərə ötürməyi aşılayırıq”.
Tədbirdə iştirak edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld Bakı Ali Neft Məktəbində ingilis dilində şeir müsabiqəsinin təşkil edilməsini yüksək qiymətləndirib: “Bir şotlandiyalı kimi qürur duyuram və sevinirəm ki, Azərbaycanın ən yaxşı ali məktəblərindən biri olan BANM-də Şotlandiyanın milli şairinin şeirlərinə həsr olunmuş müsabiqə keçirilir. Çox möhtəşəm gün keçirdim. Belə yüksək səviyyəli tədbir üçün sizə təşəkkür edirəm. Heriot-Vatt Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin şeirləri ilə bağlı müsabiqə keçirilməsi barədə Elmar Qasımovla fikir mübadiləsi apardıq. Köklərə, ənənələrə sahib çıxmaq baxımından Şotlandiya ilə Azərbaycan oxşardır”.
Sonda səfirə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.
Tanınmış şotland şairi Robert Börnsə həsr olunmuş şeir müsabiqəsinə Hazırlıq kursunun 16 tələbəsi qatılıb. Sonra münsiflər heyəti iştirakçıları qiymətləndiriblər. Tələbələr müxtəlif nominasiyalarda mükafatlara layiq görülüblər. Müsabiqədə I yerə Ayişə Baxşıyeva, II yerə Aysel Rəhimli, III yerə Zeynab Acalova layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər