Tədbirdən öncə Gülxarə Əhmədovanın rəhbərliyi ilə Tələbə Teatr Studiyası tərəfindən Xocalı soyqırımına həsr olunmuş tamaşa-kompozisiya təqdim edilib.
Həmçinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin Xocalı faciəsi və 44 günlük Vətən müharibəsindəki Zəfəri əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.
Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalıda həlak olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən NDU-nun rektoru Elbrus İsayev Xocalı faciəsinin insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.
O bildirib ki, Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra alıb:
"Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətti davam etdirən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız artıq azad olunub, Xocalı şəhidlərinin qanı yerdə qalmayıb. Bu gün Xocalıda həyata keçirilən infrastruktur layihələri, köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, Xocalının daha böyük imkanlarla yenidən qurulması tarixi ədalətin bərpası kimi qiymətləndirilib. Rektor qan yaddaşımızın gələcək nəsillərə çatdırılmasının vacibliyindən söz açaraq vurğulayıb ki, gənclər tarixi həqiqətləri dərindən öyrənməli, keçmişin dərslərindən nəticə çıxarmalı və tariximizə, dəyərlərimizə, birliyimizə hər zaman sahib çıxmalıdırlar".
"Hüquq fənləri" kafedrasının müəllimi Yunis Xəlilov çıxışında Xocalı soyqırımının düşünülmüş məkrli siyasətin bir parçası olduğunu qeyd edərək faciənin hüquqi tərəflərini diqqətə çatdırıb.
"Azərbaycan tarixi" kafedrasının müəllimi Nuray Məmmədli Xocalı soyqırımının baş verməsinə gətirib-çıxaran səbəblərdən, faciənin nəticələrindən danışıb.
Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Yer quruluşu və daşınmaz əmlakın kadastrı" ixtisası üzrə II kurs tələbəsi, şəhid bacısı Kənarə Nuriyeva şəhid əmanətlərinə sahib çıxmağın, güclü və müstəqil Azərbaycanı qorumağın gəncliyin əsas vəzifəsi olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin "Orkesr alətləri və dirijorluq" kafedrasının konsertmeysteri Əli Həsənovun və "Belkanto" vokal qrupunun ifasında müxtəlif musiqi nömrələri ifa edilib.
Tehsil-press.az







