BDU-da “Hüquq Müzakirə Forumu”: “Süni intellektin patent hüququnda ixtiraçı kimi tanınması”

BDU-da “Hüquq Müzakirə Forumu”: “Süni intellektin patent hüququnda ixtiraçı kimi tanınması” Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) “Hüquq Müzakirə Forumu” layihəsi çərçivəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş növbəti görüş keçirilib.

Görüşdə ADA Universitetinin baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Elnur Kərimov tərəfindən “Süni intellektin patent hüququnda ixtiraçı kimi tanınması” mövzusu üzrə müzakirələr aparılıb. Müzakirələrdə məsələnin həm nəzəri, həm də praktiki aspektləri hüquqi baxımdan təhlil edilib. Nəzəri hissədə süni intellektin müstəqil ixtiraçılıq qabiliyyətinə malik olub-olmamasının əqli mülkiyyət hüququnun fundamental prinsipləri – xüsusilə ixtiraçılığın insan yaradıcılığı ilə bağlılığı, hüquq subyektliyi və hüquq qabiliyyəti anlayışları çərçivəsində qiymətləndirildiyi bildirilib. Bu kontekstdə Azərbaycan Respublikasının “Patent haqqında” Qanununun müvafiq müddəalarına istinadən ixtiraçının ixtiranı yaradan fiziki şəxs hesab edildiyi və patent hüququnun ilkin olaraq həmin şəxsə məxsus olduğu, bundan irəli gələrək süni intellekt sistemlərinin hüquqi subyekt kimi ixtiraçı statusu əldə etməsinin hazırkı hüquqi çərçivədə mümkün olmadığı vurğulanıb.

Praktiki hissədə isə süni intellekt tərəfindən yaradılan ixtiraların hüquqi statusunun konkret məhkəmə presedentləri əsasında araşdırıldığı bildirilib. Xüsusilə “Thaler v. Vidal” işində ABŞ Federal Apelyasiya Məhkəməsinin qərarına istinad edilib. Bildirilib ki, sözügedən məhkəmə süni intellekt sisteminin ixtiraçı kimi göstərilməsini qanunvericiliyə zidd hesab edib və ixtiraçı anlayışının yalnız insanlara aid olduğunu təsdiqləyib. Müqayisəli hüquqi təhlil zamanı Böyük Britaniya və Avropa Patent Ofisinin mövqelərinin də eyni istiqamətdə olduğu göstərilib və beynəlxalq praktikada süni intellektin hazırda müstəqil ixtiraçı kimi tanınmadığı qeyd edilib. Nəzərə çatdırılıb ki, süni intellektin patent hüququnda ixtiraçı kimi tanınması məsələsi yalnız texnoloji deyil, hüquqi subyektlik, məsuliyyət və əqli mülkiyyət hüquqlarının daşıyıcısı anlayışlarının yenidən nəzərdən keçirilməsini tələb edən kompleks hüquqi problemdir.

Görüş mövzu ətrafında çoxsaylı sualların cavablandırılması və müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər