Dillər Universitetində Çin astronavtları ilə birbaşa əlaqə seansı keçirilib

Dillər Universitetində Çin astronavtları ilə birbaşa əlaqə seansı keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda tələbələrlə Çinin “Şençjou-15” kosmik gəmisinin ekipaj üzvləri arasında birbaşa əlaqə seansı keçirilib.
Çin kosmik stansiyası ilə birbaşa əlaqə Şanxay Əməkdaşlıq Təşkilatının Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin, Çinin Pilot Kosmik Proqramı Ofisinin və ümum-Çin Gənclər Federasiyasının yardımı ilə təşkil edilib. Çin astronavtları ilə birbaşa əlaqə seansı Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Hindistan, İran, Belarus və Monqolustandan olan tələbə və məktəblilərlə eyni vaxtda onlayn rejimdə keçirilib.
Çinli taykunavt Fei Junlonq Çinin “Tyanqonq” kosmik stansiyasında olarkən gənclərlə söhbət edib, astronavtların gərgin əməyi, insanın kosmosu tədqiq etmək perspektivləri ilə bağlı onların suallarını cavablandırıb.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ilk Çin peykinin orbitə buraxılması tarixindən danışıb. O, həmçinin qeyd edib ki, bu il Bakıda təşkil olunacaq 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində Konfutsi İnstitutu tərəfindən Azərbaycan və Çinin kosmosun tədqiqi üzrə siyasətinin həyata keçirilməsi məqsədlərini, prinsiplərini və xüsusiyyətlərini vurğulamaq üçün “Azərbaycan və Çin: Kosmosa İpək Yolu” adlı elmi tələbə seminarları keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər