Dillər Universitetində “Azərbaycan və Çin: Kosmosa İpək Yolu” mövzusunda tələbə seminarı

Dillər Universitetində “Azərbaycan və Çin: Kosmosa İpək Yolu” mövzusunda tələbə seminarı Azərbaycan Dillər Universitetinin (ADU ) Konfutsi İnstitutunda Dünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş “Azərbaycan və Çin: Kosmosa İpək Yolu” mövzusunda tələbə seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin kosmosun tədqiqi ilə bağlı siyasətinin məqsədi, prinsipləri və xüsusiyyətlərindən danışıb.
R.Abbasov Azərbaycanda kosmik tədqiqatların inkişafında ümummilli lider Heydər Əliyevin rolunu vurğulayıb, Beynəlxalq Astronavtika Federasiyasının 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Konqresindən bəhs edib. Bildirib ki, dünyanın 30 ölkəsindən tanınmış kosmonavt, astronavt və alimlərin iştirak etdiyi konqresdə kosmik nəqliyyat sistemlərinin inkişafına, avtomatik peyklərin istismarına və Yerin təbii sərvətlərinin tədqiqinin kosmik üsullarına xüsusi diqqət yetirilib.
Qeyd edilib ki, 2019-cu il oktyabrın 21-dən 25-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 fevral tarixli Sərəncamına əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Seminarda ADU-nun çinşünas tələbələri Çinin “Şencou” kosmik pilotlu uçuş proqramları, “Beydou” qlobal naviqasiya peyk sisteminin həyata keçirilməsi, “Tyanven” zondunun Marsa enişi barədə çıxış ediblər. Çin Ayın əks tərəfində tədqiqat aparan ilk ölkə olduğu qeyd edilib.
Tələbələr, həmçinin Azərbaycan Respublikasının kosmik sənayesinin yaradılması və inkişafı, peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair dövlət proqramları, kosmik tədqiqatlar və peyk vasitəsilə məsafədən müşahidə və peyk rabitəsi xidmətlərinin genişləndirilməsi barədə danışıblar.

Tehsil-press.az


Oxşar xəbərlər