Ural Federal Universitetinin rektoru: Biz Azərbaycana əməkdaşlıq formatlarının geniş spektrini təklif edirik

Ural Federal Universitetinin rektoru: Biz Azərbaycana əməkdaşlıq formatlarının geniş spektrini təklif edirik Ural Federal Universiteti Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisələri ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirir, birlikdə təhsil və tədqiqat layihələri həyata keçirir, birgə elmi məqalələr dərc etdirir.
Bu barədə Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Bakıya səfər edən rusiyalı tarixçi, Ural Federal Universitetinin (UrFU) rektoru Viktor Kokşarov bildirib.
-Viktor Anatolyeviç, bu, Sizin Bakıya artıq ilk səfəriniz deyil...
-Bəli, 2019-cu ilin sentyabrında Ural Federal Universitetinin rektoru kimi Sverdlovsk vilayətinin nümayəndə heyətinin tərkibində Bakıya səfər etmişəm. Biz Azərbaycanın hakimiyyət orqanlarının nümayəndələri və işgüzar dairələri ilə məhsuldar danışıqlar apardıq. Həmin vaxt Sverdlovsk vilayətinin nümayəndə heyəti Rusiya-Azərbaycan regionlararası forumunda da iştirak etdi. Mən bu tədbirdə universitetimizin texnoloji sahibkarlıq sahəsində təcrübəsindən danışdım. Bununla yanaşı, vurğulamaq istəyirəm ki, UrFU-nun azərbaycanlı həmkarlar ilə qarşılıqlı münasibətlərinin tarixi uzun illəri əhatə edir.
-UrFU-da, Ural Humanitar İnstitutunun bazasında Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir. Bildiyimə görə, bu, Ural regionu və bütün Rusiyada unikal bir mərkəzdir.
-Bunu mübaliğəsiz söyləmək olar. Bizim Azərbaycanşünaslıq Mərkəzi özünün 10 illiyini qeyd etməyə hazırlaşır. Bu, Rusiyada ikinci belə mərkəzdir, birincisi isə Moskvada açılıb. Mərkəzi tarix elmləri doktoru, professor, xarici regionşünaslıq kafedrasının müdiri, bu sahədə tanınmış mütəxəssis Aleksandr Nesterov yaradıb və ona rəhbərlik edir. Aleksandr Qennadyeviç Bakıda təbirlərin təşkilat komitələrinin daimi iştirakçısı və Azərbaycan paytaxtında keçirilən beynəlxalq humanitar konqreslərin məruzəçisidir. O, Azərbaycan Milli Elmlər Akademiyasının nəşr etdiyi “Türkologiya” jurnalının beynəlxalq Redaksiya Şurasının, həmçinin Bakı Slavyan Universitetinin buraxdığı “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının redaksiya heyətinin üzvüdür.
Mərkəzin digər böyük tərəfdaşları qismində Azərbaycan Dillər Universiteti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), habelə BBMM-nin bizim universitetin nəzdində fəaliyyət göstərən Yekaterinburq nümayəndəliyi çıxış edir. Bu nümayəndəlik 2016-cı ildə təsis edilib və ona professor Nesterov rəhbərlik edir. Bundan başqa, UrFU-da Azərbaycan icması da fəaliyyət göstərir.
Yorulmaz və məhsuldar fəaliyyətinə görə Aleksandr Nesterov Azərbaycan Dillər Universitetinin fəxri professoru adına və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. O, bizim ölkəmizdə bu mükafatı alan yeganə şəxsdir.
-UrFU-da Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin əsas nəticələri haqqında danışmağınızı xahiş edirik.
-İlk növbədə, bu, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” Beynəlxalq konfransının təşkili və keçirilməsində iştirakımızdan ibarətdir. Bu konfransı bir neçə ildir ki, Azərbaycan Dillər Universiteti təşkil edir. Həmin mötəbər forumun sessiyalarından biri də Yekaterinburqda keçirilib. Bizim universitetin müəllim və tələbələrinin mütəmadi olaraq iştirak etdikləri BBMM-nin elm-təhsil məktəblərində də multikulturalizm və tolerantlıq, etno-konfessial fərqlilik, müxtəlif xalqların nümayəndələrinin dinc yanaşı yaşaması məsələləri müzakirə edilib.
UrFU-nun Xarici regionşünaslıq kafedrası, Azərbaycanşünaslıq Mərkəzi, BBMM-nin Yekaterinburq nümayəndəliyi artıq ənənə halını almış “Müasir dövrün qlobal regional problemləri: mənbələr və perspektivlər. Şərq və Qərb” mövzusunda elmi-nəzəri konfrans keçirir. 2018-ci ildə konfransın plenar iclası Azərbaycan Respublikasının 100 illiyinə, bu il isə Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Artıq 15-cisi keçirilən konfrans burada təmsil olunan nümayəndələrin sayına görə seçilir. Tədbirdə Rusiya və MDB ölkələrindən 160-a yaxın tədqiqatçı, tələbə və məktəbli iştirak edir. Konfrans iştirakçıları Azərbaycan və Sverdlovsk vilayəti arasında əlaqələrin inkişafı perspektivlərini müzakirə edib, Azərbaycan ərazisinin formalaşması və dövlət quruculuğu tarixinə nüfuz edib, Azərbaycan Dillər Universitetinin dosenti İrina Kunina Azərbaycanın çoxtərəfli diplomatiyasının xüsusiyyətlərindən danışıb.
-Ölkələrimiz arasında diplomatik münasibətlər UrFU-da özünü necə göstərir?
-Bizim Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu ilə möhkəm dostluq münasibətlərimiz mövcuddur. 2020-ci ilin oktyabrında universitetimizin 100 illiyini birlikdə qeyd etdik, 2021-ci ildə isə Baş konsulun iştirakı ilə Ural Regionlararası Elmi-Tədqiqat Mərkəzinin dünya səviyyəli “Qabaqcıl istehsalat texnologiyaları və materialları” təsisatının, həmçinin UrFU-nun iki ən böyük layihələrindən olan universitet kampusunun təqdimatını keçirdik. Bu ilin martında Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun əməkdaşları konsul Elnur Novruzovun başçılığı ilə bizimlə görüş keçirdilər. Qonaqlar tələbələrlə birlikdə Azərbaycanın Novruz bayramını qeyd etdilər. Hazırda biz Baş konsulluqla birlikdə Azərbaycanşünaslıq Mərkəzində Nizami Gəncəvinin büstünün qoyulmasına, bu dahi mütəfəkkir və şairə həsr olunmuş digər tədbirlərə hazırlıq görürük.
-Bu təşəbbüslərin bir çoxunun müəllifi qismində azərbaycanlı tələbələr çıxış edir?
-Bəli. Hazırda bizim universitetdə Azərbaycandan yeddi tələbə təhsil alır. Azərbaycanlı tələbələr əsasən reklam və ictimaiyyətlə əlaqələr, maliyyə və kredit, iqtisadi təhlükəsizlik, inşaat ixtisaslarına üstünlük verirlər.
UrFU, öz növbəsində, Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisələri – Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Biz birlikdə təhsil və tədqiqat layihələri həyata keçirir, birgə elmi məqalələr dərc etdiririk. Onların tematikası kimya, materialşünaslıq, biznes və menecment sahələrini əhatə edir.
-Viktor Anatolyeviç, bu dəfə Bakıya hansı təkliflərlə gəlmisiniz?
- Biz əməkdaşlığın formatlarının geniş spektrini təklif edirik. Onlardan əsas olanları söyləmək istəyirəm. Bu, informasiya texnologiyaları, arxeologiya, regionşünaslıq kimi birgə tədqiqat layihələridir. Biz qarşılıqlı mühazirələrin keçirilməsinə, bakalavr, magistr, aspirantların mübadiləsinin aparılması və genişləndirilməsinə, onlayn kurslara, ümumtəhsil proqramlarının həyata keçirilməsinə və ixtisasartırma kurslarının təşkilinə hazırıq. Bu proseslərə maraqlı müəssisələr də cəlb ediləcək. Bundan başqa, biz UrFU-nun jurnalları da daxil olmaqla, müxtəlif nəşrlərdə birgə elmi məqalələrin sayının artırılmasını, universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsi üzrə təcrübə və səyləri birləşdirməyi təklif edirik.
Əlbəttə, Azərbaycan və Sverdlovsk vilayəti arasında elm və təhsil sahəsində əməkdaşlığın bütün mümkün aspektlərini dəstəkləməyi, Rusiya-Azərbaycan müəssisələrinin sifarişlərinin yerinə yetirilməsi bazasını təkmilləşdirməyi təklif edirik. Uraldan sizin ölkənizə tədarüklərin böyük bir hissəsini metallurgiya və maşınqayırma sahələri təşkil edir. UrFU artıq bir ildən çoxdur ki, bu sahələr üzrə kadrların, yeni biliklərin və texnologiyaların əsas mənbəyidir. Yeri gəlmişkən, mən Heydər Əlirza oğlu Əliyevin SSRİ Nazirlər Sovetində maşınqayırma sahəsini kurasiya etdiyi vaxt Sverdlovsk vilayətinin sənayesi və onun xüsusiyyətləri haqqında geniş biliklərə malik olduğunu eşitmişəm.
-Siz qeyd etdiniz ki, üç əlamətdar hadisəni – Azərbaycan Respublikasının, Heydər Əliyevin, UrFU-nun 100 illik yubileylərini eyni epoxa birləşdirir. Sizin zənninizcə, bu ortaq hadisələr gələcəkdə də davam edə bilərmi? Necə düşünürsünüz, UrFU Azərbaycan tərəfinə nə ilə maraqlıdır?
- İlk növbədə, Bakı və Yekaterinburq arasında mütəmadi aviareyslərlə. Mən bunu həm ciddi, həm də zarafatyana deyirəm; bu, Azərbaycan və Ural arasında sıx əlaqələrin daha bir parlaq və bariz nümunəsidir.
Biz Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin 100 illiyi haqqında danışarkən, öz leksikonumuzda “multikulturalizm”, “tolerantlıq” kəlmələrini işlədirik. Bu sözlər canlı məzmuna malikdir, böyük əhəmiyyət daşıyır və universitetimizin əsas devizlərindən biridir. Multikulturalizm, beynəlmiləlçilik həmin devizin əsas təməllərindən biridir və onsuz təsəvvür edilə bilməz. UrFU-da yüzdən çox ölkədən 4 min 500 əcnəbi tələbə təhsil alır. Tələbələrin ümumi sayı isə 40 min nəfərdən çoxdur. Ötən ilin yekunlarına görə universitetimizə 1800 əcnəbi tələbə daxil olub ki, bu da əvvəlki ildə olduğundan 12 faiz çoxdur. Magistratura və aspiranturaya daxil olanların sayı 70 faiz artıb. Bu, heç də təsadüfi deyil. Biz aspirantlar üçün təqaüdlər və magistrlər üçün xüsusi qrantlar ayırırıq, eyni zamanda, aspiranturanı bitirdikdən sonra onları işlə təmin edirik.
UrFU-nun yüzillik tarixi ərzində Ural regionunda geniş mühəndislik mərkəzi və iri elmi-tədqiqat institutu fəaliyyət göstərib. Bu gün universitetimiz 400-dən çox tədris proqramı üzrə təhsil verir, təhsilin ən müasir metodlarından, o cümlədən işəgötürənlər üçün mühüm olan onlayn kurslar, fərdi tədris trayektoriyaları, startaplar üçün diplom müdafiəsində layihə fəaliyyətindən istifadə edir.
Eyni zamanda, ötən il universitet tərəfindən aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin həcmi 3 milyard rubldan çox olub. UrFU-da beynəlxalq və yerli 160 laboratoriya və 70-dən çox akademik təmayüllü mərkəz fəaliyyət göstərir. Tədqiqat və mühəndislik fəaliyyətinin prioritet istiqamətləri arasında ulduzlararası və ulduzlarətrafı fəzanın öyrənilməsi, nüvə, hidrogen, elektroenergetika, metallurgiya və maşınqayırma, onkoloji, neyrodegenerativ və virus, diabet xəstəliklərinə qarşı yeni dərman preparatlarının hazırlanması da var. Rusiya Elmlər Akademiyası, “Rosatom” Dövlət Korporasiyası, habelə Rusiyanın və Uralın iri energetika, metallurgiya, maşınqayırma şirkətləri bizim tərəfdaşlarımız sırasındadır.
2030-cu ildə biz iqtisadiyyatın yüksək texnologiyalı sahələri üçün 1500-dən çox yüksəkixtisaslı və rəqəmsal texnologiyalar üzrə qabaqcıl biliklərə malik olan, öz komandalarında yeni məhsullar yaratmağa qadir mühəndislər hazırlamalıyıq. Həmin müddətə qədər biz sənayeyə dünya standartlarına uyğun ən az 10 texnologiya hazırlamalı və təhvil verməliyik. Bizim “Qabaqcıl istehsalat texnologiyaları və materialları” elmi-təhsil mərkəzimiz bu vəzifənin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Bu mərkəz Ural regionunun onlarla aparıcı ali təhsil müəssisələrini, akademik institutlarını və müəssisələrini birləşdirir.
-Niyə məhz 2030-cu il?
-UrFU Rusiyanın digər qabaqcıl universitetləri ilə birlikdə “Prioritet-2030” Ümumrusiya strateji akademik liderliyi Proqramında iştirak edir. Beləliklə, universitetimiz ali təhsil, akademik elm və sənaye, texnoloji qovşaq və bütün Ural regionunun sosial-iqtisadi inkişafının drayveri rolunu oynayır.
RAEX agentliyinin tərtib etdiyi Moskva Beynəlxalq Reytinqinə görə UrFU artıq bu gün Rusiyanın ən nüfuzlu on universiteti siyahısına daxil edilən yeganə regional ali təhsil müəssisəsidir. “QS World University Ranking” ümumi beynəlxalq reytinqində isə bizim universitet dünyanın bütün ali təhsil ocaqları arasında 335-ci yeri tutur, həmin reytinqlərdə dörd fənn – neft hasilatı üzrə mühəndislik, otel biznesinin idarəçiliyi, sosial siyasətdə inzibatçılıq və fəlsəfə üzrə biz 100 ən yaxşı universitet arasındayıq. İqtisadiyyat və biznes üzrə “Times Higher Education” reytinqində UrFU 200 ən yaxşı universitetlər sırasındadır. Şanxay reytinqində isə universitetimiz Rusiyanın ali təhsil müəssisələri arasında 6-7-ci yerləri bölüşür.
Bir sözlə, bizim tələbələrə, alimlərə və işəgötürənlərə təklif edəcəyimiz çox şey var.
-Niyə məhz indi?
-Avqustda Yekaterinburqda BRİKS, ŞƏT və MDB tələbə komandaları arasında Beynəlxalq tələbə idmanı Festivalı keçiriləcək. Tədbirə UrFU-nun 60-a yaxın tərəfdaş universitetlərindən, o cümlədən Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetindən komandalar dəvət olunub. Ümumilikdə isə yarışlarda 100-ə yaxın ölkədən 3500 tələbə iştirak edəcək.
Bu möhtəşəm idman oyunlarından sonra UrFU yeni, geniş və rahat dünya səviyyəli, müasir auditoriyalar və laboratoriyalar, yataqxanalar, stadionlar, klinikanın olduğu kampusa malik olacaq. Yeri gəlmişkən, bizim yeni kampusdan beynəlxalq aeroporta məsafə çox yaxındır. Bu səbəbdən bizim əcnəbi tələbələrin və tədqiqatçıların öz vətənləri ilə əlaqəsi daha asan olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər