İkinci Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

İkinci Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, II Bakı Elm Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan maraqlarını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərə beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq məqsədilə keçirilən müsabiqə və olimpiadaları yüksək qiymətləndirib. Olimpiada qaliblərinin həm də Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusunun səyi nəticəsində düşmən tapdağından azad olunan Vətən torpağının xoşbəxt gəncləri olduqlarını bildirən M.Kərimli onları təbrik edib və şagirdlərə gələcəkdə daha böyük uğurlar arzulayıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva II Bakı Elm Olimpiadasını yüksək təhsilli, savadlı, intellektual Azərbaycan gəncliyinin yetişməsinə hər zaman qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə məktəblilərin ən dəyərli töhfəsi kimi dəyərləndirib. İdarə müdiri XXI əsr bacarıqlarını məktəb illərindən uşaqlara aşılamaq və onların gələcək uğurlarına dəstək olmağın vacibliyini vurğulayıb. M.Vəliyeva olimpiadanın şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan maraqlarının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradılması, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.
M.Vəliyeva BANM-in rəhbərliyinə və kollektivinə olimpiadanın keçirilməsində dəstək göstərdikləri üçün təşəkkürünü bildirib.
BANM-in rektoru Elmar Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib və qaliblərə uğurlar arzulayıb. Rektor artıq ikinci dəfə təşkil olunan olimpiadanın keçirilməsinin ənənəvi hala çevriləcəyini bildirib.
Daha sonra müsabiqə üzrə I, II və III yeri tutan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub. Həmçinin I yerə layiq görülən Türkiyə Dəyanət Vəqfinin Bakı Türk liseyi və 129 nömrəli tam orta məktəbin komandaları, II yeri tutan Kimya-biologiya təmayüllü resbublika liseyi və 192 nömrəli tam orta məktəbin komandaları, III yeri tutan Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi və 287 nömrəli “Zəkalar” liseyinin komandaları kubok və diplomla təltif ediliblər.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.
Qeyd edək ki, II Bakı Elm Olimpiadasının I mərhələsində 320 ümumi təhsil müəssisəsindən 960 şagird iştirak edib. 24 komanda finala vəsiqə qazanıb. Hər komandanın tərkibində 3 şagird təmsil olunub.
Tədbirdə Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, nazirliyin Ümumi və təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər