İran – qabığını dəyişər, xislətini dəyişməz

İran – qabığını dəyişər, xislətini dəyişməz Bu ilin əvvəlindən İranın ölkəmizə qarşı daha çox nəzərə çarpan təhdidlərinin, artan təqiblərinin, bəzi hallarda isə qonşuluq prinsiplərinə zidd əməllərinin şahidi oluruq.
Tehrandakı səfirliyimizə və onun əməkdaşlarına qarşı məlum silahlı basqın ölkəmizdə, eləcə də beynəlxalq aləmdə pislənildi, ayrı-ayrı ölkə rəsmiləri, diplomatlar tərəfindən qınanıldı və terror aktı olduğu qeyd edildi.
Azərbaycanın İsraildə səfirlik açmasından sonra İranın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirildi. Məlum aksiyada yenidən Konsulluğumuzun hədəfə alınması xəbəri Tehran rejiminin növbəti gərginlikdə maraqlı olduğunu göstərdi.
Təbrizdə – Konsulluğumuzun qarşısında keçirilən aksiyada səslənən çağırışları, yumşaq desək müstəqil Azərbaycanın apardığı xarici siyasətə təhdid kimi qiymətləndirmək olar.
Xarici İşlər nazirliyi, siyasi ekspertlərin, çoxsaylı KİV nümayəndələrinin telekanallarda İranın açıq-aşkar ölkəmizə qarşı artan təzyiqlərinə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan müxtəlif fikirlər haqlı olaraq səslənməkdədir.
44 günlik Vətən müharibəsindən əvvəl və sonra iki ölkənin mehriban dostluq münasibətlərinə Azərbaycan dövləti heç bir zaman qonşuluq prinsiplərini pozan bir addım belə atmayıb. Ancaq təəssüflər olsun ki, İran erməni işğalına 30 il məruz qalan ölkəmizi görmək istəməyib. Buna baxmayaraq Azərbaycan İranı hər zaman dost ölkə adlandırıb.
Yuxarıda qeyd etdiyim fikirlərimin əksinə olaraq İranın molla rejimi işğalçı ermənilərlə birgə əcdadlarımızın məskənini yağmalayıb. Yurdumuzda bir kəndi, qəsəbəni, şəhəri belə salamat qoymayıb, evlərin daşını, yaşayış üçün nə varsa ermənilərlə birgə talayaraq İrana daşıyıblar.
Ölkə əhalisinə məlum olan faktların müəyyən bir qisminə toxunmamaq mümkün deyil.
İranın təbliğat maşını bir az da " irəli"yə gedərək nədənsə bu iki qonşu ölkənin tarixi, dini, mədəni, etnik bağlarını, ənənəsinə sadiq qalmaq, yaşatmaq inkişaf etdirmək əvəzinə, regionda sülhün və əmin amanlığı pozan işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistana himayədarlıq edir. BMT-nin dörd məlum Qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təsisatların qəbul etdikləri məlum qərarlarda da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi birmənalı olaraq qəbul edilmişdi.
İranın Azərbaycana qarşı təxribatları, xüsusən özünü din, məzhəb pərdəsi altında ölkə əhalisinin müəyyən bir qismini aldatmağa, təəssüf ki, nail ola biliblər. Dövlətin güc nazirliklərinin birgə həyata keçirdikləri silsilə əməliyyat tədbirləri fikirlərimizi təsdiqləyir.
İranın ölkəmizdəki diplomatlarının arzuolunmaz şəxs olaraq ölkəmizi 48 saat ərzində tərk etməsi gözlənilən idi. Son aylarda bütün rəsmi və qeyri-rəsmi mənbələrdə cənub qonşumuzun ölkəmizə qarşı artan qanunazidd hərəkət və münasibətləri yuxarı-aşağı ölkə əhalisinin ciddi şəkildə rahatsız etmişdi.
İranın ölkəmizə qarşı "saman altından su yeritməklə" apardığı qəbuledilməz hərəkətləri, yanaşmalarındakı təxribatların sayı xeylidir. Bu təxribatın, casusluğun yaşı heç də cavan deyil.
Yaxın və bir qədər uzaq tarixi araşdırarkən İranın Azərbaycana qarşı apardığı təxribat və casusluğun qısa olaraq bir neçəsini izləyicilərin diqqətinə çatdırmaq istəyirəm.
Qafqaz canişini Varantsovun yanından əliboş və çarəsiz qayıdan Milli Mücadiləmizin lideri Əhməd bəy Ağaoğlu ermənilərin kənd şəhərlərimizdə dinc əhaliyə qarşı törətdikləri kütləvi qətliamlara, qırğınlara qarşı yeganə müqavimət yolunu yaratdığı və rəhbəri olduğu "Difai" firqəsi ilə terrorçu daşnaklar və onların havadarlarının fəal üzvlərinə qarşı vuruşmaq, döyüşmək yolunu tutmuşdu. Terrorçu dəstələrlə və cinayəti cəzasız qalan daşnaklarla mübarizənin yeganə bir yolu var idi. O da silah və mütəşəkkil təşkilatlanmaqla, quldur və terrorçu dəstələri zərərsizləşdirməklə xalqımıza, millətimizə qarşı cinayətlərin, talan və qırğınların qarşısını fədakar oğullarımızın qeyrəti, igidliyi sayəsində mümkün idi.
"Difai"ni yaradan və onun fəal üzvlərini, habelə firqənin möhürünün harada hazırlanması Çar Rusiyasının başbilənlərini əməlli-başlı narahat etməyə bilməzdi.
Təşkilatçıları tapmaq, fəalları müəyyən etmək üçün Çar hökuməti müxtəlif hiyləyə əl atır. Hələ neçə il bundan əvvəl, firqənin coşqun fəaliyyəti dövründə Gəncədə Təbriz mollası peyda olur. Zahiri görkəmi ilə, yəni "mömin", "müsəlman" libaslı Təbrizdən gəlmə molla haqqında Əhməd bəyə xəbər çatır. Ə.Ağaoğlunun molladan gözü su içmir. Təşkilatın üzvlərinə tarşırıq verir ki, onu (oxu: mollanı) ehtiyatı əldən vermədən hara getməsi və kimlərlə görüşməsi bir neçə gün ardıcıl olaraq izlənilsin. Nəhayət, növbəti günlərin birində gecə saatlarında Təbrizdən çağırılmamış molla gecə yarısı Gəncədə Çar Rusiyasının yüksək çinli məmurunun yaşadığı evin hasarının yanı ilə gedərək arxasına tərəf boylanır, bir kimsənin onu görmədiyinə əmin olduqdan sonra imperiyanın yerli təmsilçisinin darvazası mollanın üzünə açılır, din pərdəsi altında maskalanmış Təbriz mollası çinovnikin həyətinə daxil olur.
Yanılmıramsa 2005-ci ildə Tehranda Azərbaycanla iki ölkə arasında rəsmi tədbirdə ölkəmizin bayrağı masa üzərində tərsinə qoyulmuşdu. Bəsit və cılız görünən təxribat təsadüf ola bilərdimi? Əsla, yox.

İran – qabığını dəyişər, xislətini dəyişməz

Uzun illər beynəlmiləlçilik idiologiyası və şüarları ilə nə az, nə çox düz 70 il bir-birini əvəz edən nəsillərin beyinləri (heç qəlblərini demirik) dolduruldu, duyğularına təsir edildiyi ötən illəri heç də əbəs yerə xatırlamıram.
Tələbəlik illərində Şərqşünaslıq fakültəsinin tələbələri ilə aramda olan söhbəti hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Şərqşünaslıq fakültəsinin fars filologiyasının tələbəsinə "bəlkə biləsiz, Cənubi Azərbaycanda o dövr 30 milyon soydaşımız olduğu halda, niyə doğma dildə bir orta və Ali təhsil ocağı yoxdu?" sualına həmkarım "belə bir şey yoxdu" cavabını verdi. Ətrafda olan həmin fars şöbəsində təhsil alan tələbələrin heç biri məsələyə ədalətli münasibətlərini bildirmədi. Susmağa üstünlük verdilər. Sanki, bəndəniz 7 milyonluq (1985-ci ildə əhalini sayı təxminən bu qədər idi) ökəmizdə orta və Ali təhsil müəssisələrində fars dilinin ölkəmizdə tədris olunduğunu desəm də onlar sözümü qulaqardına vurdular.
Bu fikirləri vaxtilə həmin şöbədə təhsil alanlara şamil etmirəm. Ancaq fikir mübadiləsi apardığım tələbələrin sözügedən məsələyə ögey yanaşması mənə heç də yaxşı təsir bağışlaya bilməzdi.
Çağırılmayan "qonağ"ın – Təbriz mollasının hələ yüz il bundan əvvəl Gəncədə peyda olmasının səbəbi görəsən nə ilə bağlı ola bilərdi?
Əsasən hansı güc mərkəzləri Təbriz mollasının "ezamiyyə" vərəqəsinə imza ataraq onu Gəncəyə, bəlkə Milli Mücadilənin önündə gedən Vətən oğullarımıza "arxa", "dayaq", bügünkü ifadə ilə desək, "dəstək" olmağa göndərmişdi?
Təbriz mollasının Gəncəyə gəlişinin məqsədi, məramı və mollaya verilən tarşırıqları hansı şəkildə necə icra etməsi uzun illər ötsə də, bu gün də həmin cəsusluq fəaliyyəti gəncləşərək yeni biçimdə, müasir libasda fəallaşaraq öz aktuallığını indi də qoruyub saxlamaqdadır.
Sapı özümüzdən olan baltaların vurduğu zərbələrin yerinin ağrısını-acısını, gətirdiyi fəsadları hədsiz, ölçüləri isə hüdudsuz olduğunu bugünədək acı nəticələrini çəkməkdəyik.
Əgər belə olmasaydı, ötən aylarda baş tutan ənənəvi beynəlxalq Münhen konfransında öz ölkəsindən qovulan, milli ayrıseçkiliyin "banisi", Çənubi Azərbaycan əhalisinin azadlıq, bərabərlik, milli hökumət qurmaq uğrunda apardığı mübarizəsini boğan keçmiş İran Şahı Rza Pəhləvinin oğlunun Münhen konfransında iştirakı (rəsmi dəvət olmasa belə) lap Təbriz mollasının Gəncədə peyda olmasana bənzəyirdi...
Əgər belə olmasaydı milyonların zaman-zaman milli hökumət qurmaq istəkləri beşikdəcə boğulmazdı. Əgər belə olmasaydı, on minlərlə Avropada mühacir həyatı yaşayan İran türkləri ilə yanaşı həmin ölkənin azsaylı təmsilçiləri Niderlandın paytaxtı Amsterdamın küçələrində (icazəli yürüş) mitinqdə birgə "azadlıq", "bərabərlik", "milli hökumət" sədaları altında həmrəylik nümayiş etdirmələri demokratik dəyərlərin, görəsən beşikdə boğulmuş insan haqlarının kütləvi izdihamın müsbət bir nəticəsi olacaqdımı?
Əgər belə olmasaydı, bir ölkə əhalisinin yarıdan çoxunu təşkil edən millət, bir əsrdə özünə üç dəfə Milli Hökumət qurmaq uğrunda mücadilə etsə də nəticədə məlum güclərin regional və qlobal maraqlarına uyğun gəlmədiyinə görə milyonların təməl, istək və arzuları gerçəkləşməsi mümkün olmadı.
Özgəyə bel bağlamağın axırından müsbət bir nəticənin hasil olmağını gözləməyə, yalnız ümid bəsləyə bilərik.
Nədənsə Münhen konfransında sayı təqribən 40 milyonu ötmüş İran azərbaycanlılarının bir nəfər olsun belə beynəlxalq konfransda nümayəndəsinin (rəsmi olmasa), təmsilçisinin olduğu xəbərini informasiya kanallarından eşitmədik.
Mərhum ictimai-siyasi xadim İsmayıl Qaspıralının "Sözdə, işdə, əməldə birlik" kəlamından görünən odur ki, hələ də doğru, düzgün nəticə çıxara bilməmişik?! Öncədən təşkilatçılıq işi lazımı səviyyədə aparılsaydı demokratik dəyər və prinsiplərini şahlıq dönəmində qəddarcasına yatıran keçmiş İran şahının oğlu, yanılmıramsa məlum konfransda necə olur ki, iştirak edə bilir? Ancaq milyonların bircə nümayəndəsi səhv etmirəmsə beynəlxalq tədbirdə gözə dəymir?!
Əgər belə olmasaydı, keçmiş diktatorun oğlunun Münhendən dünyaya bəyan edilən demokratiya və insan haqları çağırışları, sədaları ilə səslənən beynəlxalq tədbirdə keçmiş diktatorun oğlu konfransın keçirildiyi əzəmətli binanın qarşısında xarici mediaya çoxsaylı müsahibələrində ağızdolusu "ayrı-seçkilikdən", "azdlıqdan" dəm vurmazdı...
Qəbul edilən qərarlar, qətnamələr BMT başda olmaqla, digər beynəlxalq nüfuzlu təşkilatların salonundakı qızğın mübahisələrdən, siyasi, diplomatik müstəvidə keçirilən və uzun çəkən diskussiyalardan sonra, hüquqi sözügedən nüfuzlu təşkilatın salonunda yekdil səslərin, masada isə hüquq müstəvisində beynəlxalq aləmdə qəbul edilən hüquqi sənəd imzalanaraq qəbul edilir.
Xatırlatmağım yerinə düşər: Bosniyada türkəsilli müsəlmanların kütləvi qətlində təqsirli bilinən Radovan Karaciç, Miloşeviç və digərləri məhkəmənin qərarıyla layiq olduqları ölüm hökmünü almış oldular.
Telekanallarda çıxıb (hərçənd bu da lazımdır) eyni məzmunlu oxşar fikirləri səsləndirməklə Amsterdamda "azadlıq", "bərabərlik", "milli hökumət" sədaları ilə məqsədlərinə nail olmaq əhəmiyyətli olsa da, həlledici hesab edilə bilməz...

İran – qabığını dəyişər, xislətini dəyişməz

Sapı özümüzdən olan baltalardan sonra, yeri gəlmişkən qısa haşiyə: Sabiq Gürcüstan prezidenti E.Şevardnadzeyə sui-qəsd edildikdən sonra verdiyi ilk müsahibəsində "Mənə sui-qəsd etmək istəyən şəxsin kimliyi, yalnız gürcü ola bilər" – deyə beynəlxalq aləmə ciddi mesaj vermişdi.
Ola bilsin ki, bəzi siyasi, hərbi ekspert və hüquq müdafiəçiləri Bosniya və Serbiyada türklərə və müsəlmanlara kütləvi qırğına görə R.Koraciçə, S.Miloşeviçə sözügedən məhkəmənin qəbul etdiyi hökmün İranla nə əlaqəsi olduğunu qeyd edə bilərlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev: "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, – deyə qeyd edib. İranda söz, fikir, ifadə azadlıqlarını, doğma dildə təhsil almaq və digər istəklərini bildirənləri qadın və uşaq demədən qətlə yetirir, yüzlərlə soydaşlarımızı edam edir, həbsxanalarda dözülməz işgəncələrə məruz qoyurlar. Dövlət Başçısının dediyinə rəğmən "bütün bunlara susmaqmı olar?".
İran rejiminə münasibət bildirərkən adıçəkilən ölkənin istər regionda, istərsə də dünyada (istisnanı çıxaq) bir müsəlman ölkəsi ilə strateji müttəfiqliyi varmı, görəsən? Gör İran nə günə qalıb ki, dünya müsəlmanlarını vəhdət halında yeganə birləşdirən məkan olan Səudiyyə Ərəbistanı ilə düşmən mövqeyi sərgiləyir, dini, dili, adəti, ənənəsi fərqli Çin özünü dünyaya rəsmən İslam ölkəsi adını daşıyanı müsəlmanların yeganə birləşdiyi ölkə ilə liderlərinin əlindən tutaraq barışdırır. Aydın məsələdir ki, sözügedən ölkə öz maraqları naminə iki din "qardaş"ı barışdırır.
Professor, sabiq səfir İ.Vahabzadə yanılmıramsa bildirmişdir ki, İran İslam və müsəlman ölkələrini parçalamaqla, Ermənistan isə türk dünyasına qarşı düşmənçilik siyasəti aparmaqla məşğuldur.
İngiltərənin dövlət xadimi, məşhur siyasətçi və müdrik diplomat, U.Çörçilin " Siyasətçinin danışığından daha çox etdiyi əməl və hərəkətlərinə diqqət yetirmək lazımdır" fikirlərini xatırlamaq yerinə düşər. Birləşmiş Krallığın sabiq Baş Nazırinin müdrik kəlamını İran və Ermənistana da şamil etmək olar.
Sual olunur: İraqda nüvə silahının dünya üçün təhlükəli olduğunu iddia edərək qısa zamanda 19 ölkəni müttəfiqliyə cəlb edərək sözügedən ölkənin rəhbəri Səddam Hüseyni öz əhalisinin (?) əliylə asılması ilə yekunlaşdı. Fəqət İraqda nə bioloji, nə kimyəvi, nə də nüvə silahı tapılmadı ki, tapılmadı.
Ancaq nədənsə, Insan haqları üzrə beynəlxalq təsisatlar İranda öz vətəndaşlarına olan münasibətinə hüquqi qiymət verməyi unudurlar. Ölkəmizin ərazisində əli silahlı erməni hərbiçisinin həbsinə isə Demokratik Təsisatlar və İnsan Hüquqları dünyaya car çəkərək boğazlarını yırtırdılar.
İran türklərinin sayının 40 milyonu ötməsi rəqəmin siyasilər tərəfindən tez-tez dilə gətirilməsiylə işlərin öz həllini tapması mümkünsüzdür. Mümkün o vaxt ola bilər ki, təməl haqları tapdananların silsilə müraciətləri hüquqi müstəvidə beynəlxalq və insan haqlarını müdafiə edən məhkəmələrdə baxılaraq məsələyə hüquqi qiymət verilsin.
Onu da qeyd edək ki, İranda devrilmiş şahın vəliəhdi R.Pəhləvinin Münhen Təhlükəsizlik Konfransından sonra İsraildə rəsmilərlə bir sıra görüşləri Güney Azərbaycanın müqəddəratı üçün ciddi risklər yarada bilər.
Güneylilərin tarixi keçmişdə salmış olduğu yolun izləri demokratiya olduğu üçün, demokratiyanı beşikdə boğan pəhləvi rejimindən tam fərqli olaraq beynəlxalq aləmdə üzləri ağdır. Bütün beynəlxalq təşkilatlar, həmçinin dünya ictimaiyyəti keçmiş monarxiyaya deyil, azadlıq, bərabərlik, milli hökumət yolunda mücadilə edənlərin tutduğu yolu – demokratiyanı müdafiə edəcəklər.
Söz düşmüşkən, İkinci Cahan müharibəsində yəhudi xalqına dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə 58 ilə yaxın ardıcıl və dönmədən mübarizə apardılar. Nəticədə, Yəhudi xalqına dəymiş maddi və mənəvi ziyanı Almaniya "könüllü" və ya könülsüz fərq etməz, kompensasiyanı qarşı tərəfə necə deyərlər qəpiyinə qədər ödədilər.
Beynəlxalq məhkəmələrdən söz düşmüşkən, Azərbaycan Laçından Ermənistana qısa müddətdə öz vətəndaşı bildiyi ermənilərə humanitar məqsədlər üçün geninə-boluna yol çəkdirdi. Ermənistan isə buna razı olmadı. Düşmənçilik və qisas hissinin girovunda hələ də çıxa bilməyiblər. Təzə çəkilmiş yoldan humanitar məqsədlərlə istifadə etmək erməniləri qane etmir. Ermənilər həmin yolla, silah, sursat, hərbi texnika, daha nə bilim mina təxəyyülü xəstə qızışdırıcı havadarlarının köməyi ilə digər hərbi avadanlıqları gecəli-gündüzlü Qarabağ iqtisadi rayonuna, RF-nın müvəqqəti yerləşdiyi ərazilərdə nəzarət etdiyi məntəqələrdən istifadə etməklə yenə də silah-sursat daşıyırlar.
Milli ordumuz Ermənistandan daşınan silah-sursatın qarşısını almaq məqsədilə qanuna müvafiq olaraq qabaqlayıcı tədbirlər görməyə məcbur oldu. Ermənilər haray-həşir salaraq Avropa məhkəməsinə dərhal müraciət etdilər. Məhkəmə isə özlərinin zənn etdiyi kimi erməniləri qane edən qərar verdilər. Bir çox hallarda ölkəmizə qarşı ikili standartlara məruz qalsaq da, ermənilərin fəallığı olmasaydı Avropada yerləşən BCM-nə müraciət daxil olmasaydı, məhkəmə havadan ermənilərin xeyrinə qərar verməsi "absurddur".
Hələ vaxtilə M.F.Axundov yazırdı ki, ərəblər gözəl nağıl uydurur, farslar da bu nağıla uyurlar.
Baş verənlərə də diqqət edəndə görürük ki, təbdən-təbə düşən mollalar, daha doğrusu teokratik rejimin regiona baxışı, geosiyasəti, müsəlman ölkələrinə münasibəti, sanki uyuşdurucunun təsirilə formalaşır...
Cənubdan ixrac edilən ardı-arası kəsilməyən uyuşdurucuları şəllənib gətirənləri, sərhədi pozanları dövlətin güc strukturları gecəli-gündüzlü zərərsizləşdirməklə məşğuldurlar.
İndi dövran dəyişib. Artıq sözügedən ölkənin, yəni rejimin başbilənləri özlərinin uydurduqlarına uyurlar.
Onların uydurduqları nağıllar da, ixrac etdikləri zəhrimar uyuşdurucuların fəsadları da öz başlarında çatlayacağı gün uzaqda deyil.
P. S. Nəhayət, yazımın əvvəlində vurğuladığı kimi, beynəlxalq müstəvidə ilk olaraq İsrailin 32 deputatının ölkənin xarici işlər nazırinə müraciəti müəyyən nəticənin müsbət olacağı gözlənilə bilər.

Hikmət İslamoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Oxşar xəbərlər