İran parlamentinin Azərbaycana qarşı bəyanatı riyakarlığın ifrat nümunəsidir - Afət Həsənova

İran parlamentinin Azərbaycana qarşı bəyanatı riyakarlığın ifrat nümunəsidir - Afət Həsənova İran parlamentinin İsraildə səfirlik açılması ilə əlaqədar Azərbaycana qarşı təhdid dolu bəyanatı qəbuledilməzdir və riyakarlığın ifrat nümunəsidir.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, bu bəyanat İranın Azərbaycanın xarici siyasətinə müdaxilə cəhdidir. “Azərbaycan müstəqil dövlətdir və öz daxili və xarici siyasətini milli maraqlar əsasında qurur. İran hansı haqla Azərbaycanın müstəqil siyasətinə qarışa bilər?! Azərbaycan hansı ölkədə istəsə, səfirlik aça bilər və buna görə kiminləsə məsləhətləşmək niyyətində deyil. İran parlamentinin bu bəyanatı artıq “qırmızı xətti” keçir və Azərbaycana qarşı mövqeyi getdikcə daha da radikallaşır. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu, deputat Fazil Mustafaya qarşı silahlı hücumda İran izləri bunu deməyə əsas verir”, - deyə A.Həsənova bildirib.
Deputat vurğulayıb ki, İranın Azərbaycana qarşı radikal münasibətinin bu cür açıq müstəviyə keçməsi Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərindən sonra özünü daha aydın büruzə verir. “İran Azərbaycanın Zəfərindən, regionda yeni reallıqlar yaratmasında və qüdrətlənməsindən narahatdır. İllər uzunu biz İranın Azərbaycana qarşı qısqanc münsibətini müşahidə edirdik, lakin Vətən müharibəsindən sonra bu münasibət daha kəskin xarakter aldı”, - deyə A.Həsənova bildirib.
O qeyd edib ki, İranın Azərbaycana qarşı radikal münasibətində İran-Ermənistan sıx əməkdaşlığının da rolu var.
“Azərbaycan torpaqları 30 il müddət ərzində işğal altında qaldığı dövrdə İran susqunluq nümayiş etdirdi. İranın İslam ölkəsi olmasına baxmayaraq, erməni işğal altında olmuş Azərbaycan ərazilərində məscidlərin, dini abidələrin dağıdılmasına, təhqir olunmasına göz yumdu, Ermənistana dəstək göstərdi. İslam dəyərlərindən danışan İran Ermənistanla münasibətdə İslam dəyərlərini heçə saydı. Türkiyə, Pakistan va Səudiyyə Ərəbistanı Azərbaycana görə Ermənistan ilə diplomatik əlaqələri kəsdi və ya ümumiyyətlə qurmadı. Bəs, İran nə elədi? Ermənistanı dəstəklədi, o biri tərəfdən isə Azərbaycan daxilində terroru dəstəkləyir.
Əgər İran düşünürsə ki, bu cür əməllərlə Azərbaycana təsir göstərəcək, yanılır. Azərbaycan qüdrətli dövlətdir və heç kim bizimlə təhdid dilində danışa bilməz”, - deyə deputat əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər