Talıbovlar ailəsi uzun illər necə gizlənib?

Talıbovlar ailəsi uzun illər necə gizlənib? Vasif Talıbovun istefasından sonra “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətində onun ailə üzvlərinə məxsus paylar başqa şəxslərə transfer edilib. Naxçıvanbank Talıbovlara məxsus bizneslərdən biri olsa da, ailənin buradakı payları uzun müddət gizli saxlanılıb. Bank demək olar ki, hər il müstəqil audit hesabatı yayımlasa da payçılar və onların payının miqdarı müxtəlif üsullarla gizlədilib.
Bankın yalnız 2017-ci ilə dair maliyyə hesabatında payçıların adı ilə bağlı məlumat əldə etmək mümkün olub. Bu hesabat 2018-ci ilin mayında dərc olunub və hesabat dövründən sonra baş vermiş hadisələrə dair bölmədə payçılardan birinin ASC-ni tərk etdiyi qeyd olunub.
Bu şəxs Cahan Holdingqin rəhbəri Vüqar Abbasov olub ki, o öz payını Vasif Talıbovun qızı Baharxanım və Seymur Talıbova transfer edərək bankı tərk edib.
Bundan sonrakı illərə dair maliyyə hesabatlarında payçılarla bağlı məlumatların olduğu bölmə müxtəlif üsullarla gizlədilib.
2018-ci ilin maliyyə hesabatında payçılar olan hissədə mətnin rəngi ağardılıb və buna görə oxunmur, amma mətn seçilib başqa yerə köçürüləndə adlar və pay miqdarları aydın oxunur. Bu üsul hesabatın ingilis dilində olan versiyasında da tətbiq edilib.
2019-cu ilə dair hesabatda isə ümumiyyətlə “Giriş” hissəsinin olduğu səhifə yoxdur. Adətən maliyyə hesabatında həmin hissə şirkətin payçıları ilə bağlı məlumat verir. Bu hesabatda isə səhifə 5 tamamilə hesabatdan çıxarılıb. Hesabatın ingilis dilində olan versiyasında isə eyni məlumatın olduğu bölmə 8-ci səhifəyə təsadüf edir və o da yoxdur.
Oxşar qaydada 2020 və 2021-ci illərə dair hesabatlarda da həm Azərbaycan, həm də ingilis dilində olan versiyalarda ya səhifə çıxarılıb, ya da payçıların olduğu hissə ağardılaraq bunla bağlı məlumat gizlədilib.
Naxçıvanda DTX-nın keçirdiyi əməliyyatlardan sonrakı dövrə təsadüfən edən, 2022-ci ilə dair maliyyə hesabatı isə bankın əvvəlki payçılarını açıqlayır. Onlar Vasif Talıbovun həyat yoldaşı Sevil Sultanova, oğulları Seymur və Rza Talıbovlar, qızı Baharxanım Talıbovadır. Hesabat dövründən sonra baş vermiş hadisələr bölməsində isə qeyd olunur ki, 2023-cü il fevralın 1-dən etibarən bütün səhmlər satılıb və iştirak payı aşağıdakı kimi dəyişib:

Talıbovlar ailəsi uzun illər necə gizlənib?

Bu dəyişikliyə qədər bankın 63.66%-lik payı Rza Talıbova, 9.82%-lik payı Baharxanım Talıbovaya, 20.48%-lik payı Seymur Talıbova, 6.04%-lik pay isə Sevil Sultanovaya məxsus idi.
Bundan əlavə Naxçıvanbank ASC-nin illik maliyyə hesabatı və müstəqil auditor rəyini hazırlayan şirkət də dəyişib. 2017-2021-ci illərə dair hesabat “Bakertilly” şirkəti tərəfindən hazırlansa da, son maliyyə hesabatı və auditor rəyini Nexia EA Qapalı Səhmdar Cəmiyyəti hazırlayıb. Bu şirkət 2009-cu ilin oktyabrında “Euro Audit” MMC kimi qeydiyyatdan keçib. Daha sonra adı və hüquqi forması dəyişdirilib. Hazırda 2000 AZN nizamnamə kapitalı olan Nexia EA Qapalı Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.
Dövlət Təhlükəsizlik Xidməti 2022-ci ilin noyabrından etibarən Naxçıvan Muxtar Respublikasında bir neçə əməliyyat keçirib və yerli vəzifəli şəxslər, o cümlədən nazirlər korrupsiya və yeyintidə ittiham olunaraq saxlanılıb. Bu əməliyyatların ardınca isə Ali Məclisin sədri Vasif Talıbov vəzifəsindən istefa verib. Nəticədə 27 il sonra Naxçıvana yeni rəhbər təyin edilib.
Vasif Talıbovla yanaşı oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib.

Tehsil-press.az




Oxşar xəbərlər